13 fevral 2020 21:08
3142

“Azəriqaz” İB: Ötənilki uğurlar 2020-ci ildə də davam edəcək

Birlik 2019-cu ildə “Müasir istehsalat metodlarının tətbiqinə görə” nominasiyasının qalibi olub

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) ölkənin qazlaşdırılmasında, o cümlədən əhalinin təbii qazla fasiləsiz və təhlükəsiz təmin edilməsində genişmiqyaslı işlər həyata keçirir. Bu gün hər bir abonentin məmnunluğu və onların təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı İB-nin əsas məqsədidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir. “Azəriqaz” İB qeyd olunan hədəflərdən ən vacibinə 2019-cu ilin sonunda nail ola bilib. Belə ki, Azərbaycanda qazlaşma səviyyəsi 96 faizə  çatdırılıb. 

Ötən il İB-də əhali sektoru üzrə 100 mindən çox yeni abonent qeydiyyata alınıb. Artıq respublika üzrə ümumi abonentlərin sayı 2 milyon 300 mindən çoxdur. Bundan başqa, 2019-cu ildə də qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limitin ayrılması qüvvədə saxlanılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi ötən il də uğurla davam etdirilib. Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26 630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4536 mənzil təbii qazla təmin olunub. Ötən ildə bölgələrdə 92 yaşayış məntəqəsi (kənd, qəsəbə və yeni yaşayış massivləri) qazlaşdırılıb. Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılmasına dair 2019-cu ildə qəbul olunmuş Dövlət Proqramının icrası isə hələ də davam edir. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 18-də qaz açılışları baş tutub, digər 4 massivdə tamamlanma işləri aparılır və 2020-ci ilin yaz aylarına qədər “mavi yanacaq”ın verilişi təmin olunacaq. Bütün bu işlər isə dövlət başçısının ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur. Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşma Azərbaycan dövlətinin öz vətəndaşına sosial dəstəyidir.

Hazırda təbii qazın təminatındakı dayanıqlılığın saxlanması müəyyən texniki işlərin aparılmasını tələb edir. Birlik dairəvi sistemlə qaz təchizatının həyata keçirilməsi ideyaları üzərində iş aparır. Bu, bir çox problemləri, o cümlədən təmir-tikinti zamanı qaz verilişinin dayandırılmasına zərurət yarandığı halda daha az abonentin qaz təminatındakı fasilələrlə üzləşməsinə imkan verəcək. 2020-ci ildə bu sahədə nəzərdə tutulan işlərin həyata keçirilməsi əsas prioritetdir.

Digər mühüm fakt odur ki, 2019-cu ildə “Azəriqaz” İB-nin baş direktoru şəxsən özü Bakı şəhərinin Xəzər rayonu, Salyan və Şəmkir rayonlarında istixana sahibləri ilə görüşlər keçirib. Bu təşəbbüsə Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, icra hakimiyyətləri və digər qurumlar da dəstək olublar. Hər bir görüşə ən azı 50 sahibkar qatılmışdı. Qaldırılan bir çox problemlər- borclarla bağlı güzəştlərin olunması, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. elə yerindəcə həllini tapmışdı. 2020-ci ildə də özəl sektorun təmsilçiləri ilə belə görüşlərin keçirilməsi gündəmdə olacaq. Birlik sahibkarın, abonentin dostu olmağa, onların problemlərini onların yanında dinləyərək həll etməyə çalışacaq.

Ötən il smart-kart tipli sayğacların alınmasına dair yeni bir mərhələyə başlanılıb. Bu günədək əməkdaşlıq edilən Fransanın “İtron Gallus” şirkətindən sayğac alışı minimuma endirilib. Birlik daha ucuz mexaniki tipli sayğacları almaqla maliyyə vəsaitlərinə bir daha qənaət etmiş olacaq. Mexaniki sayğaclar üzrə yığımın 100 faizə yaxınlaşması da bu addımı atmağa imkan verir. Lakin çoxmərtəbəli binalarda, eləcə də ödəmə qabiliyyəti bir qədər zəif olan abonentlər üçün bu dəfə tamam başqa bir şirkətin məhsulları ilə smart-kart tipli sayğacların quraşdırılması həyata keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin sonunda smart-kart tipli sayğaclarla bağlı açıq müsabiqə (tender) keçirildi və bu barədə SOCAR-ın rəsmi internet səhifəsində elan yerləşdirildi. Bu müsabiqədə iştirak etmək üçün dünyada kifayət qədər tanınan 17-dən çox böyük istehsalçıya dəvət göndərildi. Nəticə etibarilə Almaniyanın “Zenner” şirkəti müsabiqənin qalibi oldu. Onların təkliflərində bəzi məqamlar diqqət çəkib. Məsələn, innovativ texnologiyalara inteqrasiya baxımından daha üstündürlər, eyni zamanda, təklif olunan qiymətlər də sərfəlidir. Bundan başqa, “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrini də adıçəkilən şirkət müsbət qarşılayaraq icrasını həyata keçirəcəklərinə söz verib. Belə ki, bu qurğuların proqram təminatında bəzi dəyişikliklər gözlənilir. Ödəniş kartının sayğac quraşdırılan məkanda sayğaca tanıdılaraq abonentə verilməsi mümkün olacaq. Bununla da hazırda qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq. Ən əsası kartın tanıdılmasını abonent təklikdə etməyəcək, bu işi Birliyin mütəxəssisləri həyata keçirəcəklər. Beləliklə, bu sahədə Birliyin qarşılaşdığı bir çox texniki çətinliklər aradan qaldırılacaq. Qeyd edək ki, hazırda faizlə götürdükdə istismarda olan sayğacların 45 faizi mexaniki, 55 faizi isə smart-kart tiplidir.

Bu il qazlaşma işlərinin aparılması üçün ölkə başçısının dəstəyi ilə SOCAR-a dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitdən istifadə edərək bir çox kəndlər-bu gün hələ qaz almayan yaşayış məntəqələri də qazlaşdırılacaq. Hazırda qazlaşacaq yaşayış məntəqələri üzrə bəzi dəqiqləşdirilmələr aparılır. İlkin olaraq qeyd edək ki, 2020-ci ildə 51 şəhər və rayon üzrə 80-dən çox kənd və 40-dan çox yaşayış məntəqəsi qazlaşma proqramında əksini tapacaq. Eyni zamanda, Saatlı rayonunda yerləşən 101 məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərcik də proqrama daxildir. Bununla da bu tip şəhərciklər tamamilə qazlaşdırılmış olacaq.

Bakı şəhəri ətrafında genişlənmiş ərazilərə gəldikdə isə 34 yeni yaşayış massivi qazlaşdırılacaq. Bura ötən ilin birinci mərhələsindən qalan 16 massiv də daxildir. Ümumilikdə, Bakı şəhəri üzrə yeni yaşayış massivləri 2020-ci ildə 100 faiz qazlaşdırılacaq. 2020-ci ildə “Azəriqaz”ın şəbəkəsinə 6,9 milyard kubmetr qaz qəbulu gözlənilir. 2019-cu ildə bu rəqəm 6.7 milyard kubmetrə bərabər olub. Bu da haradasa abonent sayının artacağının göstəricisidir. Proqnozlarımız daha 100 min yeni abonentin olacağını ehtimal etməyə imkan verir. 2020-ci ildə 785 km qaz kəmərinin təmir olunması da nəzərdə tutulur.

Görülən işlərin nəticəsidir ki, ötən ilin sonunda “Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Caspian Business Award - 2019” mükafatlarının təqdimetmə mərasimi zamanı “Azəriqaz” İstehsalat Birliyi “Müasir istehsalat metodlarının tətbiqinə görə” nominasiyasında “İlin şirkəti” mükafatına layiq görüldü və bu mükafat “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyevə təqdim olundu. Bu isə İB kollektivinin  məsuliyyətini daha da artıracaq önəmli hadisədir.

Digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azəriqaz” İB-nin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunmasıdır. Bu istiqamətdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev həm ötən il, həm də 2020-ci ildə bir neçə görüşlər keçirib. Bu kimi mütəmadi görüşlər bundan sonra da davam edəcəkdir.

“Azəriqaz” İB-nin peşəkar kollektivi inanır ki, 2020-ci ildə də qarşıya qoyulan məqsədlərə uğurla nail olunacaq. Bir sözlə, müsbət yeniliklər çox olacaq və bunların hamısı abonent məmnunluğuna xidmət edəcək.

Elçin Zaman, “İki sahil”