03 iyul 2019 15:18
369

“Azəriqaz” Maştağada səyyar formada xidmətlər göstərir

İyulun 1-dən Səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.

Birlikdən bildirilib ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir (ünvan: Maştağa qəsəbəsi Mədəniyyət parkının yanı). Xidmətin müddəti iyulun 31-dəkdir.

Maştağa qəsəbəsi ilə yanaşı, Nardaran və Ramana qəsəbələrinin sakinləri də bu layihə çərçivəsində, sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.