14 may 2019 13:34
1411

“Azəriqaz” Nardaranda səyyar formada xidmətlər göstərir

“Azəriqaz” İstehsalat Birliyi Nardaran qəsəbəsində səyyar formada xidmətlər göstərir.

Birlikdən bildirilib ki, mayın 14-dən etibarən səyyar “ASAN xidmət” çərçivəsində “Azəriqaz” tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. Xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə “ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin edilir (ünvan: Nardaran qəsəbəsi, Mədəniyyət mərkəzinin binası).

İstehlakçılar bu layihə çərçivəsində sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, müqavilələrin bağlanması, itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi və koda düşmüş kartların bərpası da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.