16 mart 2020 16:10
2246

“Azəriqaz” xüsusi rejimdə göstərdiyi xidmətləri açıqlayıb

“Azəriqaz” İstehsalat Birliyi xüsusi rejimdə göstərdiyi xidmətləri açıqlayıb.

Birlikdən bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması tədbirləri, eləcə də insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyələr nəzərə alınmaqla “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətində martın 15-dən 20-dək məhdudlaşma aparılıb. Müştəri xidmətlərinin göstərilməsi baxımından bu mərkəzlərlə sıx bağlılığı olan "Azəriqaz" İstehsalat Birliyi də bu gündən etibarən yalnız Heydər Əliyev prospektində yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində bir pəncərədə ən zəruri xidmətləri icra edir. Həmin xidmətlər aşağıdakılardır:

- İtirilmiş və ya zədələnmiş smart kartların bərpası;

- Yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi;

- Qüsurlu ödənişlərin bərpası;

- Smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi;

- Koda düşmüş kartların bərpası;

- Qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi.

Qeyd edək ki, sadalanan xidmətlərlə bağlı vətəndaşlar martın 20-dək “Azəriqaz”ın Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrinə də müraciət edə bilərlər.