22 may 2020 10:23
1699

“Azəriqaz”da müştəri məmnuniyyəti necə təmin edilir?

İdarəçilikdə müasirlik, innovativ təşəbbüslərə açıqlıq və səmimiyyət uğurların təməl daşıdır

“Ocaq” sözü bizim dilimizdə, eyni zamanda, isti yuva, rahat ev, firavan həyat deməkdir. Ona görə də düşmənə ocağın sönsün, dosta ocağın gur yansın deyirlər. Axı kimin ki, ocağı gur yanır o evin ruzisi, bərəkəti bol olur. Əgər əvvəllər hər evin ocağı odun-kömür və başqa vasitələr idisə, təbii qazın tapılıb insanların məişətdəki istifadəsinə verilməsindən sonra evlərdəki normal istilik və qızmar ab-hava məhz bununla təmin edildi.

Təbii qaz- “mavi yanacaq” insanların məişət firavanlığında ən öndə gəlir. İndi insanlar açıq şəkildə bildirirlər ki, təbii qazın məişətdəki rahatlığını nə elektrik sobaları, nə də ki digər vasitələr əvəz edə bilməz. Düzdür, bu nə qədər rahatlıq və firavanlıq gətirirsə, onun təhlükəliliyi də bir o qədər yüksəkdir. Çünki təbii qazın həm “ölüsü”, həm “dirisi” insan həyatı üçün çox təhlükəli hesab edilir. Ancaq onu peşəkarcasına ram edəndə, ondan səmərəli şəkildə istifadə edəndə bu, yalnız insanların məişət firavanlığına xidmət etmiş olur.

Bu gün artıq ölkəmizin qaz təsərrüfatı ötən illərin geridə qalmış, bərbad, dağınıq təsərrüfatı deyil. Bu gün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) son illərin innovativ inkişaf mexanizmini yarada bilib. Birlik qaz qəbulu mərhələsində və onun paylanılmasında müasir avadanlıqların tətbiqinə geniş yer verib. Məhz bunun nəticəsidir ki, “Azəriqaz” İstehsalat Birliyi abonentlərin təbii qazla təminatında fasiləsizliyi, dayanıqlılığı və təhlükəsizliyi normal şəkildə təmin edə bilib.

Digər əsas məsələ isə təbii qazın itki faizinin minimuma endirilməsidir ki, bu önəmli nəticəyə hər il daha səmərəli şəkildə nail olunur. Eyni zamanda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azəriqaz” İB-nin maddi-texniki bazasını daim zənginləşdirmək barəsindəki göstəriş və tapşırıqları işin daha uğurlu alınmasına yardım edir.

Bir sözlə, bu gün hər bir abonentin məmnunluğu və onların təhlükəsiz, texnoloji parametrlərə uyğun qazla təminatı İB-nin əsas məqsədidir. Bundan başqa, təmir-tikinti, payız-qış mövsümünə hazırlıq işlərini operativ yerinə yetirmək, vətəndaşı narahat edəcək məqamlar, qaz dayanmaları, qazın təzyiqi ilə bağlı problemləri operativ araşdırmaq və yerinə yetirmək də gündəlik iş rejiminin mahiyyətini təşkil edir.

Hazırda təbii qazın təminatındakı dayanıqlığın saxlanması müəyyən texniki işlərin aparılmasını tələb edir. Bu gün Birlik dairəvi sistemlə qaz təchizatının həyata keçirilməsi ideyaları üzərində iş aparır. Bu, bir çox problemləri, o cümlədən təmir-tikinti zamanı qaz verilişinin dayandırılmasına zərurət yarandığı halda daha az abonentin qaz təminatındakı fasilələrlə üzləşməsinə imkan verəcək. 2020-ci ildə bu sahədə nəzərdə tutulan işlərin həyata keçirilməsi əsas prioritetdir.

Məhz görülən səmərəli işlərin nəticəsidir ki, ötən ilin sonunda “Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Caspian Business Award - 2019” mükafatlarının təqdimetmə mərasimi zamanı “Azəriqaz” İstehsalat Birliyi “Müasir istehsalat metodlarının tətbiqinə görə” nominasiyasında “İlin şirkəti” mükafatına layiq görüldü və bu mükafat “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə təqdim olundu. Bu isə İB kollektivinin müasirliyə açıq olmasının, innovativ təşəbbüslərə daha geniş yer verməsinin nəticəsi kimi dəyərləndirilir.

Digər çox önəmli məsələ isə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azəriqaz” İB-nin rəhbərliyinin regionlarda əhali ilə görüşlərinin keçirilməsi və onların problemlərinin həllinə nail olunmasıdır. Pandemiya dövründən əvvəl bu istiqamətdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev həm ötən il, həm də 2020-ci ildə bir xeyli görüşlər keçirib. Təbii ki, bu görüşlər inzibati- bürokratik amillərin geridə buraxılmasına, vətəndaşlarla canlı ünsiyyətə - onların problemlərinin həllinə operativ yanaşmasına ciddi kömək etdi.

Pandemiya dövründə isə abonentlərin problemlərinin həllinə daha ciddi şəkildə və səmərəli qaydada yanaşıldı. Belə ki, hər bir abonentin şikayət və iradları, təklif və təşəbbüsləri İB-nin peşəkar əməkdaşları tərəfindən vaxtında dəyərləndirilib və həllinə nail olunub. “Azəriqaz” İB-nin rəhbərliyinin göstərişi ilə nəinki Birliyə rəsmi şəkildə müraciət edənlərin, hətta mətbuatda, sosial şəbəkələrdə abonentlərin təbii qaz təchizatı ilə bağlı problemləri aşkar olduqda onların yerində və dərhal həlli reallaşıb.

Digər mühüm məqam isə odur ki “Azəriqaz” İstehsalat Birliyi müasir iş metodlarını və innovativ yenilikləri tətbiq etməklə idarəetməni daha da təkmilləşdirir. Belə ki, bir müddət əvvəl İB-də həyata keçirilən struktur islahatları da məhz bu hədəflərə çatmağa hesablanıb. Belə ki, fevralın 20-də “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin imzaladığı əmrlə struktur islahatı aparılıb. Nəticədə Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Departamenti yenidən formalaşdırılıb.

Aparılan struktur islahatı ilk növbədə abonentlərin rahatlığı və məmnuniyyətinə xidmət edir. Belə ki, bugünədək abonentlər haqlı olaraq bəzi xidmətlərdən istifadə zamanı narazılıqlarını bildirirdilər. Artıq yeni struktur islahatı isə hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək. Özü də zaman itirmədən, vaxtında icra olunmaqla.

“Azəriqaz” İB-də önəm verilən çox mühüm məsələlərdən biri də əməyin təhlükəsizliyinin və insan amilinin yüksək dəyərləndirilməsidir. Qaz təsərrüfatında əməyin təhlükəsizliyinə dair İSO beynəlxalq standartların bir çoxunu əldə edən Birlik fəaliyyətini həmin standartlara uyğun qurur. Eyni zamanda, insan amili məsələsi Birlikdə bütün məsələlərin önündə gəlir. Buraya insanlara yaradılan müasir iş şəraiti, onların sosial problemlərinin həllinin diqqətdə saxlanılması və s. daxildir.

Burada çox önəmli məsələ isə abonentlərin problemlərinin həllinə İB-nin rəhbərliyinin şəxsən nəzarət etməsi və vətəndaşlarla rəftarın səmimi, qarşılıqlı hörmət səviyyəsində həyata keçirilməsini tövsiyə etməsidir. Necə deyərlər, idarəçilikdəki rəsmiyyətdən öncə gələn ən mühüm məsələ səmimiyyətdir. İnsanlara məhz səmimiyyətlə xidmət edəndə işin uğuru və nəticəsi daha effektiv alınır.

Ruslan Əliyevin sözlərinə görə, bütün bu yeniliklər və uğurlu işlər Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi kimi icra olunur. Çünki Azərbaycanda qazlaşma sosial mahiyyət daşıyır və dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Bir sözlə, qazlaşmanın sürətlənməsi və qısa müddətdə bütün ölkə üzrə başa çatması Azərbaycan dövlətinin və onun rəhbəri cənab İlham Əliyevin öz vətəndaşına sosial dəstəyidir.

Elçin Zaman, “İki sahil”