10 aprel 2019 13:51
265

“Azəriqaz”ın abonentlərinin sayı 2 milyon 213 min 647-yə çatıb

Cari ilin birinci rübündə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 min 972 yeni abonent qeydiyyata alınıb ki, bunun da 13 min 595-i Bakı, Abşeron və Sumqayıt, 16 min 377-si isə regionlar üzrədir.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni abonentlərin sayının artmasına səbəb abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılmasıdır.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 213 min 647-yə çatıb.