15 noyabr 2019 19:58
862

“Azərişıq” 3 rayonda elektrik enerjisi şəbəkəsini yenidən qurur

“Azərişıq” ASC “2019-cu ilin tədbirlər planı”na uyğun olaraq ölkənin bütün regionlarında elektrik təchizatı şəbəkəsini yenidən qurur.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, hazırda bütün regionlarda işlər sürətlə davam etdirilir.

“Bu qəbildən olan tədbirlər sırasında onu deyə bilərəm ki, Ağsu rayonundakı istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə “Azərişıq” tərəfindən bir sıra işlər görülüb. Ağsu şəhərində yerləşən 110/35/10 kilovoltluq "Ağsu" yarımstansiyası yenidən tikilib, 2x16 meqavatamper (MVA) gücündə transformator quraşdırılmaqla yarımstansiyanın gücü 32 MVA-ya çatdırılıb, 110/10 kilovoltluq “Broyler” yarımstansiyasında təmir işləri aparılıb. Bundan əlavə, 26 kilometrdən çox 110 kilovoltluq xətt əsaslı təmir edilib, 48 kilometr 10 kilovoltluq hava xəttləri çəkilib və 42 kilometr özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) kabel xətləri quraşdırılıb, köhnə tipli 28 ədəd transformator məntəqəsi (TM) müxtəlif güclü müasir komplekt transformator məntəqəsi (KTM) ilə əvəz olunub, 11 yeni güc mərkəzi yaradılıb, 138 ədəd 10/0,4 kilovoltluq TM və KTM əsaslı və cari təmir olunub. On kəndin (Növcü, Aşağı Növcü, Yuxarı Növcü, Axundlu, Məlikçobanlı, Hacıqədirli, Nəvahi, 28 May, Çiyni və Qaraməmmədli kəndləri) açıq naqillərdən ibarət olan 0,4 kilovoltuq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 1071 ədəd yeni metal dayaq əkilib, 32 kilometr 0,4 kilovoltluq ÖİN kabellər çəkilib", - deyə T.Mustafayev bildirib.

"Azərişıq" ASC-nin rəsmisi əlavə edib ki, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, abonentlərə nümunəvi və yüksək keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ən yeni müasir texniki avadanlıqlar təchiz edilib, Ağsu elektrik şəbəkəsinin yeni inzibati binası inşa edilib: "On kilovoltluq Çiyni hava xəttindən qidalanan kəndlərin elektrik təchizatının yaxşılaşdırılması üçün 231 ədəd 10 kilovoltluq, 145 ədəd 0,4 kilovoltluq ÖİN dayaq, 4,8 kilometr 0,4 kilovoltluq ÖİN kabel xətləri çəkilib. Hazırda Ərəbsarvan və Bəyimli kəndlərində ÖİN kabellərin quraşdırılması işləri davam etdirilir. Bundan əlavə, 18 kəndin dayanıqlı və etibarlı elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün yeni 35/10 kilovoltluq yeni yarımstansiyanın tikintisi, 11,5 kilometr uzunluğunda 35 kilovoltluq hava xəttinin çəkilməsi işləri və dağlıq ərazilərdə yerləşən 12 kəndin elektrik enerjisinin dayanıqlığının artırılması üçün 10 kilovoltluq hava xəttinin təmiri üçün işlər aparılmaqdadır. Qeyd edim ki, Ağsu elektrik şəbəkəsi tərəfindən 14 min 239 əhali, 948 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 15 min 187 abonentə xidmət göstərilir".

T.Mustafayev Göyçay rayonunda görülən işlərdən də danışıb: "Göyçayda 81,22 kilometr 10 kilovoltluq hava xəttləri çəkilib və 147,97 kilovoltluq ÖİN kabel xəttləri quraşdırılıb. Köhnə tipli 21 ədəd KTM müxtəlif güclü müasir KTM-lə əvəz olunub, 10 ədəd yeni müxtəlif güclü müasir KTM quraşdırılıb, 341 ədəd 10/0,4 kilovoltluq KTM əsaslı və cari təmir olunub. Göyçay şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 168 ədəd 10 kilovoltluq, 1527 ədəd 0,4 kilovoltluq ÖİN dayaq, 64,6 kilometr 0,4 kilovoltluq ÖİN kabel xətləri çəkilib. Bundan əlavə, 5 kəndin (Mollahacılı, Şıxbəy, Yalman, Bəydövül, Qarayazı ) açıq naqillərdən ibarət olan 0,4 kilovoltluq şəbəkələrində yenidənqurma işləri aparılmaqla 0,4 kilovoltluq ÖİN kabellər çəkilib. Hazırda Göyçay şəhərində və Ulaşlı kəndində 0,4 kilovoltluq ÖİN kabellərin çəkilişləri davam etdirilir. Göyçay elektrik şəbəkəsi tərəfindən 26 min 379 əhali, 2012 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 28 min 391 abonentə xidmət göstərilir”.

O, həmçinin Qusar rayonunda görülmüş işlərlə də bağlı məlumat verib: "Qusar rayonundakı istehlakçıların, xüsusən də əhalinin və dövlət əhəmiyyətli obyektlərin, turizm, sənaye və sosial təyinatlı infrastrukturların enerji təchizatının keyfiyyətinin yüksəldilməsi, abonentlərin dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə "Azərişıq" ASC tərəfindən bir sıra işlər görülüb. Hil kəndində yeni 35/10 kilovoltluq 4 MVA gücündə yeni yarımstansiya tikilib. Həzrə kəndində 35/0,4 kilovoltluq 0,1 MVA gücündə yeni yarımstansiya tikilərək istismara verilib. Bundan başqa, 35 kilovoltluq “Quba-Qusar” hava xətti (12,5 kilometr) və 35 kilovoltluq “Əcəxur” hava xətti (24 kilometr) əsaslı təmir edilib. Elektrik veriliş xətlərində 35 kilovoltluq 45,22 kilometr, 10 kilovoltluq 84,5 kilometr naqil və 92,01 kilometr ÖİN kabel xətləri, 7886 ədəd müxtəlif gərginlikli dayaq quraşdırılıb. Bundan əlavə 43 ədəd köhnə tipli KTM müxtəlif gücdə müasir KTM-lə əvəz olunub, 41 ədəd 10/0,4 kilovoltluq KTM təmir edilib. Avaran, Balaqusar və Hil kəndlərində açıq naqillərdən ibarət olan 0,4 kilovoltluq şəbəkələrdə yenidənqurma işləri aparılmaqla 0,4 kilovoltluq ÖİN kabellər çəkilib, 0,4 kilovoltluq ÖİN kabelin quraşdırılması işləri hazırda Qusar şəhəri, Ç.Qurbanov küçəsi, Samur qəsəbəsi, Balaqusar, Xurel, Ləyərqışlaq, İmanqulukənd kəndlərində davam etdirilməkdədir. Qusar Elektrik Şəbəkəsi tərəfindən 24 min 452 əhali, 2115 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 26 min 567 abonentə xidmət göstərilir.