03 dekabr 2020 17:12
848

“Azərişıq” Almaniya şirkəti ilə niyyət sazişi imzalayıb

İşğaldan azad edilmiş ərazilərdə tarixi abidələr, bina və yollar, bir sözlə normal yaşayış üçün gərəkli olan hər şey dağıdılıb. Elə buna görə də, bu gün ölkəmizin qarşısında işğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun və iqtisadiyyatın yenidən qurulması, dirçəldilməsi kimi mühüm bir məsələ durur.

“Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır...” – xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, rəsmi Bakı nəzarətimiz altına keçən Qarabağ ərazilərinin bərpası işinə artıq başlayıb.

Zəruri infrastrukturun bərpası və qurulması məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) bu ərazilərdə mühüm əhəmiyyətli strateji obyektlərin elektrik təchizatını təmin etmək üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təcili tədbirlər həyata keçirir. Belə ki, “Azərişıq” ASC Almaniyanın “EKM Global Consulting GmbH” şirkəti ilə əməkdaşlıq haqda niyyət sazişi imzalayıb.

ASC-dən "İki sahil"ə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, hazırda cəbhəyanı zonalarda düşmən hücumu nəticəsində dağıdılmış şəbəkələrin bərpası və yenidən qurulması üzrə operativ tədbirlərə başlanılıb.

“Hazırda Prezident İlham Əliyevin müvafiq göstərişinə əsasən, Qarabağ ərazisində mühüm əhəmiyyətli strateji obyektlərin elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində fasiləsiz işlər aparılmaqdadır. Şəbəkələrin yenidənqurma və tikintisi işlərinin layihələndirilməsinə gəldikdə isə, düşünürük ki, müasir və innovativ texnologiyaların cəlb edilməsi ilə bu proses daha da sürətlənəcək. Belə ki, ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır. Bununla əlaqədar olaraq, özünü rəqəmsal texnologiyalar sahəsində yetərincə təsdiq etmiş Almaniyanın “EKM Global Consulting GmbH” şirkəti ilə gələcək əməkdaşlıq haqqında niyyət sazişi imzalandı”, - deyə “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qeyd edib. Bildirib ki, müasir texnologiyalar və mühəndis-texniki həllərin layihə-konstruktor işlərinin maksimal effektivliklə aparılmasına geniş imkanlar yaratması, əraziyə getmədən və vaxt itkisinə yol vermədən, işlərin həyata keçirilməsi imkanları bu əməkdaşlığın müsbət cəhətlərindəndir.

“Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvləri və vaxt itkisini ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişıq” ASC-nin Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq. Digər tərəfdən, niyyət sazişinə əsasən, yarana bilən istənilən suallara ekspert cavabı almaq imkanı da yaranır”, - deyə R.Yusifov əlavə edib.

“Bu texnologiyalar dünya üzrə bir çox müxtəlif sahələrdə istifadə edilir. Tikililərin 3D lazer skan edilməsi və modelləşdirilməsi, tarixi-memarlıq abidələrinin və topoqrafik planların mövcud vəziyyətini dolğun və dəqiq əks etdirməyə imkan verir. Yerüstü topoqrafik çəkilişlər, öz iş yerlərini tərk etmədən müxtəlif ölçmələrin aparılmasında mütəxəssislərə geniş imkanlar yaradır. Əlbəttə ki, bu kimi innovativ yanaşmalar zəruri olan işlərin daha az vaxt və məsrəflərlə həyata keçirilməsini təmin edir”, - deyə “EKM Global Consulting GmbH” şirkətinin rəhbəri Elşən Musayev bildirib, o, müasir texnologiyaların tətbiqi üstünlüklərindən danışıb.

Azərbaycan Vətən müharibəsində müasir texnologiyaların tətbiq edilməsi ilə zəfər marşını sürətləndirdiyi kimi, müasir texnologiyalar və innovativ metodları cəlb edərək azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, infrastrukturunun yaradılması işlərini daha da sürətlə və uğurla aparmaqla, “21-ci əsrin Qarabağı”nın təməli qoyulacaq. Biz qayıtdıq!