14 fevral 2020 14:33
469

“Azərişıq” ASC-də ötən ilin yekunları müzakirə olunub

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair departament direktorları, idarə və şöbə rəisləri, habelə regional enerji təchizatı və satışı idarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.

ASC-dən bildirilib ki, toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Toplantıda çıxış edən V.Əhmədov son 5 il ərzində görülən quruculuq işlərindən danışıb. Sədr vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir.

“2015-ci il fevralın 10-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında yeni bir qurum - “Azərişıq” ASC yaradıldı. ASC-nin yaranması bir zərurət idi - bütün bölgələrin elektrik enerjisi ilə təchizatını paytaxt Bakının səviyyəsinə çatdırmaq, istehlakçılara yüksək keyfiyyətlə xidmət göstərmək. Ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifə kifayət qədər böyük və məsuliyyətli idi. “Azərişıq” ASC yaradıldıqdan dərhal sonra rəhbərlik və qurumun mütəxəssisləri mövcud vəziyyəti öyrənərək fəaliyyət planını tərtib etdi - genişmiqyaslı təmir, yenidənqurma və tikinti işlərinə başlanılıb. İcrasına başlanılmış proqramın ilk hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edirdi ki, bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik enerjisi təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxardı. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənərək müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırıldı. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji avadanlıqlarla təchiz olundu”, - deyə V.Əhmədov bildirib.

Qeyd edib ki, regional şəbəkələrin yenidən qurulması və yeni texnoloji avadanlıqlarla təchiz olunması ilə bərabər onların idarə edilməsi, normativlərə əməl olunması, yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.

“Azərişıq” ASC-nin sədri bildirib: “Bizim ən ümdə vəzifəmiz Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik”.

Daha sonra ASC-nin sədri qarşıda duran vəzifələrdən də söz açıb. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyə və tapşırıqlarını verib.

Digər məruzəçilər də görülən işlər barədə hesabat verərək tapşırıqları və öhdəlikləri uğurla başa çatdıracaqlarına əminlik ifadə etdilər.