16 yanvar 2019 16:52
570

«Azərsu»da şəhidlərin xatirəsini anım mərasimi FOTO

«Azərsu» Açıq Səhmdar Cəmiyyətində (ASC) 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı anım mərasim keçirilib. Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad  olunub. 

«Azərsu» ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib: «1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 600-dən çox insan yaralanıb. 29 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqının ən çətin günlərində xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında imperiyanın və Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  edib. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə tam siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi  - Ümumxalq Hüzn Günü elan edilib.»

Yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşıb. Hər il faciənin ildönümü günündə  Şəhidlər xiyabanına gələn dövlət başçısı 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad edir.

Anım mərasimində su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanıb.

Tədbirə dəvət olunmuş tarixçi alim Vahid İsmayılov Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri məkrli siyasəti tarixi faktlarla  əsaslandıraraq, 20 yanvar hadisələrini milli azadlıq hərəkatının növbəti mərhələsi, xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirib. Qeyd olunub ki, bu qanlı hadisə Sovet imperiyasının qəddar siyasətini təsdiq etməklə yanaşı,  xalqımızın azadlıq əzmini,  müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov və şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirimiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Orxan Vahidoğlu, «İki sahil»