08 noyabr 2019 20:15
191

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avopanı “birləşdirdi”

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Azərbaycanın Avroatlantik məkanda nəqliyyat-tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, iştirakçı ölkələr üçün də mühüm siyasi və sosial-iqtisadi əhəmiyyət kəsb edir. Layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olmuşdur.

Azərbaycanın moderatorluğu ilə inşa edilən BTQ dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm də Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.

Bu nəhəng layihə Azərbaycan üçün istər sosial-iqtisadi, istərsə də siyasi-strateji baxımdan olduqca əhəmiyyətlidir. İlk növbədə, bir məsələni qeyd etmək lazımdır ki, müasir dünyada əsas yük axınları Çin-Hindistan-Avropa arasında müşahidə edilir. Bu istiqamətdə də birbaşa daşımalar dəniz nəqliyyatı ilə 26-30 günə yerinə yetirilir. Reallaşmaqda olan  Bakı-Tbilisi-Qars isə bu daşımaları daha təhlükəsiz və 12-15 günə yerinə yetirməyə imkan yaradacaqdır ki, bu da layihənin Çin-Hindistan-Avropa daşımaları üçün cəlbedici olduğunu, bu daşımaların ölkəmizə iri həcmli tranzit gəlirləri vəd etdiyini göstərir. Bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yükləri qəbul edə və ya əksinə göndərə biləcək. Son dövrlər dəmir yolunun artan strateji əhəmiyyəti daha çox sezilməyə başlayıb. Belə ki, bir neçə gün öncə Çindən Avropaya hərəkət edən və Marmaray xəttindən istifadə edərək Avropaya keçəcək ilk yük qatarı Ankaraya çatdı. Daha sonra yük qatarı Ankara vağzalından mərasimlə yola salındı. Mərasimdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Çinin Xian şəhərindən yola düşən və 42 TIR-a bərabər elektron yük daşıyan “China Railway Express”in uzunluğu 820 metr olan 42 konteyner yüklənmiş vaqonla 2 qitə, 10 ölkə, 2 dənizi keçərək 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcəyini bildirdi. Turhan bu layihənin ölkələrə ticarət qazancı olması ilə yanaşı cəmiyyətlər arasında əlaqələrin güçlənməsinə və mədəniyyətlər arasında ünsiyyətin sürətlənməsinə də böyük töhfəsinin olacağını ifadə edib. Qatar Türkiyədə Axılkələk, Qars, Ərzurum, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir, Kocaeli, İstanbul (Marmaray) və Kapıkulə (Edirnə) marşrutundan hərəkət edir. Bir sözlə, Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmaqla Asiya və Avopanı birləşdirməyi bacardı.

Xatırladaq ki, Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı “Bir kəmər, bir yol” layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək. Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.

Eyni zamanda, Orta Asiya respublikalarının və digər ölkələrin də gələcəkdə bu layihəyə qoşulması labüddür. Xüsusilə, son dövrlər Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən yaxınlaşma iki ölkə arasında ticarət dövriyəsinin sürətlə artması, eləcə də Rusiya-Türkiyə dəmir yolu əlaqələrinin olmaması, Rusiyanın da Bakı-Tbilisi-Qars layihəsinə qoşulmasını zəruri edəcəkdir. Nəticə etibarı ilə BTC-nin reallaşması ilə dünyanın enerji təhlükəsizliyində aparıcı  dövlətə çevrilən Azərbaycan Respublikası Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə həm də nəqliyyat-tranzit qovşağı kimi mövqeyini möhkəmləndirəcəkdir. Layihənin davamı olaraq Bosfor boğazından dəmir yolu tunelinin tikintisi isə ölkəmizi Trans-Avropa və Trans-Asiya nəqliyyat şəbəkəsində aparıcı bir tərəfdaşa çevirəcəkdir. Bütün bunlar tranziti büdcənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan yaradacaqdır. İlk dövrlərdə, ölkəmizin tranzitdən 50 milyon dollar civarında gəlir əldə etməsi proqnozlaşdırılır. Layihənin davamı olaraq, Qarsdan Naxçıvana birbaşa dəmir yolu xəttinin çəkilişi nəzərdə tutulur ki, bu da olduqca mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Sevinc Azadi, “İki sahil”