17 oktyabr 2019 12:06
1420

Bal kimi bal yarmarkası - FOTO-VİDEO

Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) sentyabrın 28-dən oktyabrın 18-dək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada 37 rayon üzrə 321 iştirakçı qeydiyyata alınıb və hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib.

Ümumilikdə, qeydiyyatı təsdiqlənmiş 347 arıçıdan 321 nəfəri məhsullarını anbara təhvil verib. 25 nəfər isə qeydiyyatı təsdiqlənməsinə baxmayaraq, yarmarkada iştirak üçün məhsullarını təqdim etməyib. Anbara təhvil verilən balın ümumi həcmi 123 tondur. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. 

3241 nümunə götürülüb ki, onların da 562-si, başqa sözlə, 17,34 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayıb.

Yarmarkaya daxil olanda müşahidə etdik ki, həm alıcılarda, həm də satıcılarda aktivlik var. Azərbaycanın müxtəlif bölgələrindən il ərzində topladıqları arıçılıq məhsullarını satışa çıxaran arıçılar mallarını tərifləyir, müştərini cəlb etmək üçün fərqli üsullardan istifadə edirdilər. Görünən mənzərə onu deməyə əsas verir ki, sayca 20-ci dəfə keçirilən sərgi ildən-ilə daha da mükəmməlləşir.

Müşahidə etdik ki, yarmarkada balın qiymətini arıçılar özləri müəyyənləşdirir. Balın qiyməti növünə görə 20-60 manat civarında dəyişir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev “İki sahil” qəzetinə məlumat verdi ki, arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 37 bölgədən arıçılar iştirak edirlər: “Yarmarka innovativ yenilikləri ilə ötən ilkilərdən fərqlənir. İlk dəfə olaraq bu il yarmarkaya qeydiyyat onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsilə müəyyən edilib. Eyni zamanda, arıçılar iştirak üçün tələb olunan ödənişi bank vasitəsilə həyata keçirib.”

M.Musayev onu da bildirdi ki, bu il tətbiq edilən növbəti yenilik isə satışına icazə veriləcək hər bir məhsulun qablaşmasının üzərində ştrix-kodun olmasıdır: “Bu kod vasitəsi ilə müştərilər həmin sayta daxil olaraq məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını öyrənə biləcəklər. Paytaxt sakinlərinin rahatlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə yarmarka günlərində onlayn sifariş xidməti də istifadəyə veriləcək. Vətəndaşlar bu sayta daxil olaraq iştirakçılar üçün yaradılmış profillərdən istifadə etməklə məhsul sifariş edə biləcəklər. Sifariş olunan məhsullar metro stansiyaları yaxınlığına ödənişsiz, digər ərazilərə isə ödənişli şəkildə çatdırılacaq. Məlumat üçün bildirək ki, vətəndaşların marağının artırılması məqsədilə müxtəlif əyləncəli proqramlar və konsertlər  keçirilir, yarmarkanın keçirildiyi müddət ərzində arıçılıq məhsullarının dequstasiyası da təşkil olunur.”

M.Musayev qəzetimiz vasitəsilə vətəndaşlara çağırış edərək yarmarkaya gəlmələrini və təbii, tam yoxlanılmış, keyfiyyətli bal və arıçılıq məhsullarını əldə etməyə səslədi.

Sərgidə təkcə bal yox, müxtəlif arıçılıq məhsulları da təqdim olunur ki, həmin məhsullar da bal qədər insanların diqqətini cəlb edir və satılır. Arıçılar maraqlananlara öz ballarından dadmağa da sevə-sevə icazə verirlər.

Arıçı Elşad Ağayev bildirdi ki, yarmarkaya Astara rayonundan qatılır: “Bir fermer kimi Kənd Təsərrüfatı Nazirliyinin, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə yarmarka yüksək səviyyədə təşkil olunub. Alıcılıq qabiliyyəti də qaneedicidir. Dörd çeşiddə ümumilikdə 400 kiloqram bal gətirmişəm. Daha çox meşə balı-cökə balına tələbat daha çoxdur. Ata-babalarımdan qalan arıçılıqla uşaq yaşlarımdan məşğul olduğumdan bu sahə üçün lazım olan çərçivə, pətək, yeşikləri özüm hazırlayıram. Satışa çıxardığımız məhsullar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Balın qiyməti 20-25 manat arasında dəyişir.”

Balakən rayonundan olan arıçı Şahruddin Yüzbaşıyev isə məlumat verdi ki, yarmarkada balla yanaşı, arı məhsullarına təlabat çoxdur: “Bizdə satışda çökə balıdır. Baldan başqa çiçək, arı südü, çiçək tozu, vərəmun və digər məhsullar da satırıq. Burada güləmli balı var ki, ondan kosmonavt yeməyi hazırlanır. Qiymət də 20-25 manat arasında dəyişir. 30 ildən artıqdır ki, arıçılıqla məşğul oluram və 2006-cı ildən Sərgi-Satış Yarmarkasında iştirak edirəm. Kifayət qədər də müştərilərimiz var.”

Arıçı Samir Muradov yarmarkaya Göyçay rayonundan qatıldığını bildirdi: “2005-ci ildən arıçılıqla məşğul oluram. Arıxanam Göyçay rayonunun Şimal-Şərq hissəsində Arvan dərəsində, Turyançay qoruğu ilə həmsərhəd ərazidə yerləşir. Məqsədim qədim Azərbaycan arıçılığını inkişaf etdirməkdir. Səbətdə və kötükdə arıçılığı artırıram. Məhsuldarlıq az olsa da qiymət yüksəkdir. Kötükdə və səbətdə arılar özlərini doğma evlərindəki kimi hiss edirlər. Burada süzmə bal, çərçivə balı, təbii mum, dərəmum, dərəmum cövhəri, güləm, çiçək tozu kimi məhsulları satışa çıxarmışıq. Əsas məqsədim ondan ibarətdir ki, burada vətəndaşlara maarifləndirici məlumatlar verim ki, arının baldan başqa da əhəmiyyətli məhsulları var.”

Yarmarkada olarkən xüsusilə də balın və digər arıçılıq məhsullarının qiymətləri ilə bağlı alıcıların fikirləri ilə də maraqlandıq. Sakinlər deyirlər ki, balın qiyməti normaldır. Amma onları narahat edən əsas məqam balın tam təbii olub-olmamasıdır.

Orxan Vahidoğlu,

Samir Paşayev (foto), “İki sahil”