16 may 2019 14:58
1278

Baş direktor Gəncədə vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev mayın 16-da Gəncə şəhərində vətəndaşları qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda Energetika Nazirliyinin və Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin təmsilçiləri də iştirak ediblər. Qəbul zamanı Gəncə şəhəri, Goranboy, Samux, Xocalı, Kəlbəcər və Göygöl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz”ın rəhbərliyi hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.