15 noyabr 2019 13:27
924

Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov noyabrın 15-də Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl Baş prokuror Zakir Qaralov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 18 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.