11 sentyabr 2019 20:50
209

Baş Prokurorluq Gəncə şəhər sakininin döyülərək qətlə yetirilməsi barədə yayılan xəbərləri təkzib edib

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Baş Prokurorluq tərəfindən təkzib edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci il aprelin 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq üç gün ərzində saxlayıb dəfələrlə zorlayıb, həmçinin zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkiliş aparıb.

Həmin il aprelin 18-də Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2016-ci il 26 fevral tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.