25 sentyabr 2020 16:42
654

Baş Prokurorluqda videokonfrans keçirilib

Sentyabrın 25-də Baş Prokurorluqda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun sədrliyi ilə prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarının formalaşma mərhələləri, hüquqi statusu və dövlət hüquq sistemində yeri mövzusunda videokonfrans keçirilib.

Peşə bayramı ərəfəsində həyata keçirilən tədbirlərin davamı olan bu konfransda Baş Prokurorluğun, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikasının, Naxçıvan Muxtar Respublikasının Hərbi, tabe rayon (şəhər) prokurorluqlarının 60 əməkdaşı iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"-ə bildiriblər ki, konfransı giriş sözü ilə açan Baş prokurorun müavini Heydər Məmmədov tədbir iştirakçılarını prokurorluq işçilərinin qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən və yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər barədə məlumat verib. H.Məmmədov bu islahatların əsas istiqamətlərindən olan məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesinin Azərbaycan Prokurorluğunu da əhatə etməsini və yenilənmə prosesində əldə olunmuş nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Videokonfransda Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Fazil Həsənəliyev, Ceyhun Kazımov, Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov, Hərbi Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Səməd Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov prokurorluğun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən məqsəd və hədəflər barədə müvafiq mövzularda ətraflı çıxışlar ediblər.

Çıxışlardan sonra faydalı fikir mübadiləsi və müzakirələr aparılıb.