06 avqust 2020 00:33
1135

“Başakşehir” UEFA Avropa Liqasında mübarizəni dayandırıb

İyulun 5-də UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış bölümü bərpa olunub.

İlk olaraq, səkkizdəbir final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.

Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. Matçın 52-ci dəqiqəsində Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub.

Beləliklə, Türkiyə çempionu iki görüşünün yekunu olaraq mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi.

Mərhələni adlayan digər komanda isə Ukrayna "Şaxtyor"u olub. Donetsk klubu Kiyevdəki cavab görüşündə Almaniyanın "Volfsburq" klubunu yenib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1.

Qeyd edək ki, "Kopenhagen" dörddəbir finalda LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) cütünün, "Şaxtyor" isə "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.