20 yanvar 2021 18:14
524

Bayden Rusiyadan asılı olan Ermənistana dəstək verməyəcək

Cozef Bayden bu gündən ABŞ-da prezident səlahiyyətlərinin icrasına başlayır. Onun keçmiş prezident Donald Trampdan fərqli siyasət yürüdəcəyi proqnozlaşdırılır.

Baydenin xarici siyasəti necə olacaq? Gözləntilər nədən ibarətdir?

"İki sahil" xəbər verir ki, ABŞ-da cərəyan edən prosesləri Azvision.az -a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Trampın yürütdüyü xarici siyasətlə müqayisədə xeyli fərqliliklər olacaq:

“Birincisi, Bayden Trampdan fərqli olaraq İranla nüvə anlaşmasına yenidən qayıtmaq istəyir. Bu, baş verərsə, bölgədə gərginlik və müharibə ehtimalı azalacaq. ABŞ-la İran arasında gərginliyin azalması Azərbaycanın da maraqlarına uyğundur. Çünki Bakı Vaşinqtonla Tehran arasında seçim etmək istəmir. Azərbaycan həm İran, həm də ABŞ-la əməkdaşlığını davam etdirmək istəyir. İkinci məqam, Bayden Trampdan fərqli olaraq NATO ilə əlaqələrə əhəmiyyət verəcək. Donald Tramp digər NATO ölkələrini ittiham edirdi. O deyirdi ki, üzv ölkələr NATO-ya Amerika qədər maliyyə ayırmalıdırlar. Məsələn, Tramp düşünürdü ki, nəyə görə Amerika Almaniyanı Rusiyadan qorumalıdır. Bayden Avropadakı tərəfdaşlarıyla yenidən normal münasibətləri bərpa etməyə çalışacaq. Üçüncü məqam isə, Baydenin Trampdan fərqli olaraq miqrasiya siyasətini yumşaltmaq istəməsidir. Donald Tramp Amerikanın qapılarını miqrantlara bağlamışdı. Bayden isə qapıları miqrantlara açmaq istəyir. Bundan da milyonlarla insan istifadə etmək istəyir. Ancaq milyonlarla insan Amerikaya daxil olarsa, Vaşinqtona siyasi və iqtisadi problemlər yaradacaq”.

Bəs Baydenin Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti necə olacaq?

Politoloq xatırlatma edib ki, Bayden konqresmen olarkən erməni lobbisi ilə sıx münasibətləri var idi. O, Konqresdə Azərbaycan əleyhinə qərarlar da qəbul edib:

“Bayden Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa maliyyə dəstəyinin tərəfdarı olub. Halbuki, Amerikadan başqa dünyanın heç bir digər parlamenti Dağlıq Qarabağın erməni separatçılarına maliyyə yardımı ayırmayıb. Bayden administrasiyasına erməni mənşəli iki Amerika vətəndaşını təyin etdi. Bu təyinatlar isə Ermənistanda sevinclə qarşılandı. Müharibədə məğlub olan Ermənistanın Baydenə ümidləri var. Əslində bu ümidlər müharibə günlərində də var idi. Ancaq ABŞ yalnız Ağ Evdən ibarət deyil. Amerikanın idarə edilməsində Ağ Ev və Konqreslə yanaşı Pentaqon və Dövlət Departamenti də xüsusi rol oynayır. Bu iki qurum Amerikanın milli və təhlükəsizlik maraqlarını əsas tutur. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığı diqtə edir. Amerika üçün dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla əməkdaşlıq faydalıdır”.

Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Azərbaycan bu ildən başlayaraq öz qazını Avropaya nəql etməyə başlayıb. Amerika isə Avropa ölkələrinin qaz asılılığını azaltmasını istəyir. Bu asılılığın azalmasında Azərbaycan mühüm rol oynayacaq. Bu isə Amerikanın maraqlarına uyğundur:

“Digər tərəfdən, müsəlman ölkəsi olan Azərbaycanın İsraillə siyasi və hərbi əlaqələri də Vaşinqton üçün faydalıdır. Baydenin ermənilərə simpatiyası olsa da, Ermənistanın Rusiyadan asılı olduğunu diqqətə almaya bilməz. Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşib və separatçılarla müəyyən mənada əlbir hərəkət edir. Bayden ermənipərəst olsa da, Rusiyanın ən sərt tənqidçilərindəndir. Deməli, o, ABŞ prezidenti kimi Rusiyadan asılı olan Ermənistana açıq-aşkar dəstək verməyəcək. Vaşinqtonun Bakı ilə münasibətləri əvvəlki kimi Dövlət Departamentinin və Pentaqonun kurasiyasında olacaq. Bu isə Azərbaycan üçün məqbuldur”.