13 avqust 2019 12:48
128

Bayram tətili günlərində Şəki Xan Sarayını ziyarət edənlərin sayı xeyli artıb

Argentinalı turist: Xan Sarayı, qədim abidələr, təbiət mənzərələri çox xoşumuza gəldi

Qədim Şəki bənzərsiz gözəlliyi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Builki Qurban bayramı günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb.

Bayram günlərində turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi olub. Bu da təsadüfi deyildir. Burada yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi – Şəki Xan Sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iyulun 14-də Xan Sarayının ərazisində baş vermiş hadisə - Xan çinarının budağının qırılması nəticəsində insanların xəsarət almasından sonra saraya giriş bir müddət bağlı olub. Aidiyyəti qurumlar tərəfindən aparılan bərpa işləri və təhlükəsizlik tədbirlərindən sonra avqustun 9-dan etibarən Xan Sarayının qapıları yenidən turistlərin üzünə açılıb. UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən bu möhtəşəm abidəni yenə də hər gün yüzlərlə yerli və xarici turist ziyarət edir.

Alexandro Martin Azərbaycana ailəsi ilə birlikdə okeanın o tayından – uzaq Argentinadan qonaq gəlib. Ölkəmizdə turistlər üçün yaradılan şəraitdən, onlara göstərilən isti münasibətdən razılıq edən argentinalı qonaq səfərlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Səfər etməyi çox xoşlayırıq. İlk dəfədir ki, Azərbaycandayıq. Üç gün Bakıda olduq. Paytaxtınız çox gözəldir, müasir, mədəni bir şəhərdir. Tolerant ölkəniz var, insanlarınız çox mehribandırlar. İki gündür Şəkidəyik. “Yuxarı Karvansaray” mehmanxanasında qalırıq. Şəhərinizi gəzdik, muzeylərlə tanış olduq. Xan Sarayı, qədim abidələr, təbiət mənzərələri çox xoşumuza gəldi. Xan Sarayı gözəl sənətkarlıq nümunəsidir. Gələcəkdə Azərbaycana yenə də gəlməyi düşünürük”.

Tahirovlar ailəsi isə Şəkiyə Bakıdan qonaq gəlib. Ailə başçısı Vahid müəllim ATEF Şirkətlər Qrupunda çalışır, xanımı isə həkimdir. Şəkidə əvvəllər də olduqlarını qeyd edən paytaxt sakinləri bu illər ərzində şəhərdə çox böyük dəyişikliklərin baş verdiyini, Şəkinin ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrildiyini bildiriblər. “Yaxşı oldu ki, Xan Sarayına giriş qadağası aradan qaldırıldı. Bu saray Azərbaycanın ən möhtəşəm memarlıq abidələrindən biridir. Şəkiyə gələsən, Xan Sarayını ziyarət etməyəsən?! Bu, mümkün deyil. Şəkidən yenə də xoş təəssüratlarla ayrılırıq”, - deyə Vahid Tahirov bildirib.