15 iyul 2020 22:39
1180

BDU-da imtahan sessiyası yekunlaşıb

COVID-19 pandemiyası səbəbindən bütün dünyada, eləcə də ölkəmizdə təhsilin və tədrisin təşkilində bir sıra yeniliklər baş verdi. İnnovasiyaların dinamik sürəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı qətiyyətli addımlar atmağa vadar etdi. Azərbaycan təhsili tarixində ilk dəfə baş tutan onlayn təlim-tədris prosesi və imtahan sessiyasının reallaşmasına Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim kollektivi, texniki heyəti və tələbələri böyük təəssübkeşlik hissi ilə öz töhfəsini verdi. Nəticədə tədrisin məsafədən təşkilinin önəmli cəhətləri, müasir təlim texnologiyaları, tələbələrdə onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi kimi yeni təcrübələr qazanılmış oldu. Ali təhsil ocağında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla başa çatıb.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, universitetdə bakalavriat səviyyəsinin I-III kurs tələbələri, I kurs magistrantlar, altqruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyası müddətində onlayn qaydada şifahi imtahan veriblər. Yaz semestrinin imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi ilə bağlı universitet rəhbərliyi tələbələrin xeyrinə qaydalar müəyyənləşdirib. Hər bir fənn üzrə tərtib olunmuş imtahan sualları azaldılaraq sadələşdirilib, tələbələrin imtahana giriş balı 50 (əlli) olaraq müəyyən edilib. Əvvəlcədən tərtib edilmiş cədvələ uyğun olaraq imtahan prosesi ikinövbəli formada təşkil olunub. Akademik heyət tərəfindən “Microsoft Teams” platforması üzərindən keçirilən onlayn dərslər və BDU-nun “YouTube” kanalı vasitəsilə təqdim olunan videodərslər də tələbələrin müvafiq fənlər üzrə zəruri bilikləri əldə etməklə imtahanları uğurla verməsinə zəmin yaradıb.

Vurğulanıb ki, tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin onlayn platformadan düzgün istifadə etməsinə kömək məqsədilə məsafədən fəaliyyət göstərən 20 əməkdaşdan ibarət işçi qrupu gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Məsafədən keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 15 min 820 (14 min 543-ü əyani, 1153-ü qiyabi, 124-ü əlavə təhsil, 534-ü “SABAH” qrupları olmaqla) tələbə ümumilikdə 4000-ə yaxın fənn üzrə imtahan verib. Magistratura səviyyəsində I kursda 238 ixtisaslaşmada 759 magistrant 962 fənn üzrə keçirilən imtahanlarda iştirak edib. II kursda təhsil alan 783 magistrant isə magistrlik dissertasiya işini müdafiə edərək məzun olub. Bunlardan 469 nəfəri fərqlənmə diplomu ilə bitirib. BDU-nun Qazax filialında isə imtahanlarda 1223 nəfər iştirak edib. Sessiya ərzində filialda ümumi olaraq 333 imtahan keçirilib.

Həmçinin 4340 tələbə ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun qiymətləndirilib, 508 tələbə buraxılış işini müdafiə edib. Şifahi formada keçirilən bütün imtahan nəticələri tələbələrə imtahanın gedişində bildirilib. Bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi də onlayn formatda baş tutub. Bakalavriat səviyyəsində Yekun Dövlət Attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş 487 tələbə onlayn rejimdə buraxılış işini müdafiə edib.

İmtahanlar “Microsoft Teams” platforması üzərindən təşkil edilib, videoyazı formasında arxivdə saxlanılır. Tələbəyönümlü qərarların nəticəsi olaraq yaradılan BDU Tələbə Nəzarət Qrupu sayəsində fəal tələbələr birlikdə səmərəli fəaliyyət göstərib. Nəticədə imtahanların gedişi və təhsilalanların imtahan prosesində iştirakına nəzarətin həyata keçirilməsinə əlverişli zəmin yaranıb. Tələbə Nəzarət Qrupu imtahan prosesinə tələbələrin daha aktiv qoşulmasına müsbət təsir göstərməklə yanaşı, universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarını öz ətrafında birləşdirib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam şəkildə təmin edilib, imtahanların gedişi universitetin rektoru, prorektorlar, dekanlar, kafedra müdirləri, Tələbə Nəzarət Qrupu tərəfindən izlənilib.

BDU-nun Psixoloji Yardım Sektoru onlayn imtahan sessiyası dövründə ehtiyacı olan tələbələrə psixoloji dəstək göstərərək, mütəxəssis məsləhətləri verib. Tələbə müraciətlərinin operativ araşdırılması, imtahan nəticələrinin yenidən yoxlanılması və qiymətləndirilməsi məqsədilə universitetin Apelyasiya Komissiyası virtual fəaliyyət göstərib. Sessiya müddətində Qərargahın qaynar xəttinə 70-dən çox müraciət daxil olub. Onların əksəriyyəti obyektiv və tələbələrin xeyrinə həll edilib. Tələbələr pandemiya dövründə imtahanların yüksək səviyyədə təşkil olunması və imtahanlarla bağlı edilən müvafiq güzəştlərə görə BDU rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.