04 iyun 2019 10:41
1639

Bədənində 5 qəlpə gəzdirən Qarabağ qazisinin hekayəti

Səxavət Dərvis oğlu Salmanov hərb sənətini seçəndə bilirdi ki, onu qarşıda çətin sınaqlar gözləyir. Buna baxmayaraq, o, bu yolla getdi, çətinliklərə sinə gərdi və Vətən naminə müəyyən uğurlara imza atdı. Bu günlərdə Aprel döyüşlərinin iştirakçısı olmuş Səxavət Salmanovla görüşüb ona bir neçə suallarla müraciət etdik.

Müsahibimiz əvvəlcə müşahidələrinə əsasən, bu gün bütün vətəndaşlarımızda, xüsusilə yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin yüksək olduğunu söylədi: “Fikrimcə, gənclərimizin hərbi xidmətə böyük həvəslə getmələri ordumuzun əldə etdiyi uğurların nəticəsidir. Şübhəsiz, bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub”.

Aprel döyüşləri göstərdi  ki...

Aprel döyüşlərindən 3 il keçdiyini vurğulayan 29 yaşlı Qarabağ qazisi bildirdi ki, həmin döyüşlərdə hər bir əsgərdə, zabitdə çox yüksək döyüş ruhu var idi. Məhz bu yüksək ruh bizə qələbə qazandırdı.

Onun  fikrincə, aprel döyüşləri Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğunu bir daha göstərdi: “Azərbaycan bu döyüşlərlə bir daha sübut etdi ki, son hədəfə çatmaq üçün onun bütün imkanları var. Bu döyüşlər həm də ordumuzun peşəkarlığını nümayiş etdirdi. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində hərbçilərlə görüşdə Prezident İlham Əliyev Aprel döyüşlərini böyük tarixi qələbə adlandıraraq deyib ki, bu, bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir”.

Qarabağ qazisi Ermənistan ordusundan da söz açdı: “Şəxsən mən müşahidələrimə əsasən bildirirəm ki, düşmən ordusu zəif, onun canlı qüvvəsi isə olduqca qorxaqdır. Onların döyüş zamanı postları qoyub qaçmaları da dediklərimə sübutdur. Bu mənada işğalçı ölkənin ordusu ilə regionun ən güclü ordusu sayılan ordumuzu müqayisə etmək istəməzdim”.

“O qəlpələri heç vaxt çıxartdırmayacağam”

Öz döyüş yoldaşlarını həm sevinclə, həm də kədərlə yad edən müsahibimiz bildirdi ki,  Mühit Orucov, Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov Talış yüksəkliyinin alınması uğrunda ilk döyüş tapşırığını uğurla yerinə yetirdilər: “Elə ilk həmlələrindən bir neçə postu azad edərək, heyəti arxalarınca apardılar. Bu mənada azad edilən ərazilərimizin hər qarışında onların əməyi var. Onları, eləcə də digər şəhidlərimizi unutmaqmı olar?

Mən xüsusi təyinatlı tabor komandiri, ermənilərin kabusuna çevrilmiş və “kəşfiyyatın Mixaylosu” kimi tanınan kapitan Mühit Orucov haqqında bir neçə kəlmə danışmaq istərdim. O, yaralı olmasına baxmayaraq, yaralı dostlarını, əsgərləri döyüş bölgəsindən çıxararaq yenidən döyüşlərə atıldı. Hər zaman döyüşə hamıdan birinci girib, döyüşün sonunda  qayıdan Mühit bu son döyüşündən qayıda bilmədi. O, ermənilərin atdığı minaatanın qəlpələrinə tuş gəldi və şəhid oldu”.

2012-ci ildən 2016-cı il aprelin 4-nə qədər  bir neçə döyüş tapşırığının yerinə yetirilməsində iştirak etdiyini vurğulayan Səxavət Salmanov özünün yaralanmağını isə belə xatırladı: “Həmin gün səhər tezdən həm vuruşurduq, həm də şəhid olmuş döyüş yoldaşlarımızı ərazidən uzaqlaşdırırdıq. Elə onda mən minomyot qəlpəsinə tuş gəldim. Həmin an yerə yıxıldım. Elə oradaca döyüş yoldaşlarım mənə ilk tibbi yardım göstərdilər. Uzun sözün qısası... yaralanandan sonra ilyarım hospitallarda müalicə olundum. Həkimlər ciyərimdəki qəlpələrdən birini bir ildən sonra çıxardılar. Onu da deyim ki, hazırda ciyərimdə 5 xırda qəlpə var. O qəlpələri heç vaxt çıxartdırmayacağam. Həkimlər də deyirlər ki, onlar çıxarılası bir şey deyil. Məncə, elə qalsa yaxşıdır. Çünki həmin qəlpələr  məni daim qisas hissi ilə yaşamağa sövq edir”.

“...döyüşməyə hazıram”

“Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsınızmı” sualına isə müsahibimiz belə cavab verdi: “Doğrudur, mən hazırda ehtiyatda olan zabitəm. Amma bunun, əgər belə demək mümkünsə, mətləbə dəxli yoxdur. Yəni cənab Ali Baş Komandan əmr edərsə, səhhətimdə problemlər olmasına baxmayaraq, yenə də torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazıram. Mən  tam əminəm ki, şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə işğal altında olan torpaqlarımızı düşməndən tamamilə azad edəcək”.

S.Salmanov Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan Ordusuna, o cümlədən əsgər, zabit heyətinə göstərdiyi diqqət və qayğıdan da danışdı: “Şəxsən mən bir qazi kimi şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirirəm”.

Qazax  rayonunun Aşağı Salahlı kəndində dünyaya göz açmış Səxavət Salmanov, həmçinin bildirdi ki, uşaqlıqdan saza marağı olub: “Bir neçə il bu alətin sirlərinə yiyələnməyə çalışmışam. İnsafən, pis də alınmayıb. Hətta müəllimim məni hər dəfə tərifləyər, üstəlik, yaxşı səsim olduğunu bildirərdi. Amma könlümdən hərbçi olmaq keçirdi. Hərbi xidmətə yola düşəndən sonra isə bu arzum reallaşdı. Belə ki, hərbi xidmətimi başa vurandan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin gizir hazırlığı kursunda təhsil aldım. Bir müddət Azərbaycan Ordusunda hərbi xidmətimi davam etdirdim. Bu illərdə məndə kəşfiyyata xüsusi maraq yarandı. Odur ki, 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qəbul olundum və burada kəşfiyyatçı kimi formalaşdım. Onu da deyim ki, asudə vaxtlarımda sazı sinəmə basıb özümü böyük qələbəyə kökləyirəm”.

Qvami Məhəbbətoğlu, “İki sahil”