15 mart 2019 14:45
2429

Bədii film ssenariləri müsabiqəsi elan olunub

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bədii film ssenariləri müsabiqəsi elan olunur.

Nazirlikdən bildirilib ki, müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər, iştirakla bağlı yaş məhdudiyyəti yoxdur. Müsabiqədə iştirak etmək üçün tammetrajlı bədii filmin ssenarisi (elektron və çap olunmuş variantda), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər martın 15-dən mayın 1-dək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinə (Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 333-cü otaq) təqdim edilməlidir.

Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər. Müsabiqənin kino mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən ediləcək.

Qaliblərin adları mayın 15-dək nazirliyin rəsmi internet saytında www.mct.gov.az və qurumun mətbu orqanı olan “Mədəniyyət” qəzetində açıqlanacaq.

Qalib ssenarilər əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cari və növbəti illərdə filmlər çəkiləcək.

Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmayacaq.