21 avqust 2019 15:42
714

BƏƏ-də şirin içkilərə və elektron siqaretə vergi tətbiq ediləcək

Əhalinin sağlamlığının qayğısına qalmaq və vətəndaşların səhhətinə ziyan vuran məhsullara tələbatın azaldılmasını stimullaşdırmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin hökuməti vergi qoyulan aksiz məhsullarının, o cümlədən tərkibində şəkər olan içkilərin və elektron siqaretlərin siyahısının 2020-ci il yanvarın 1-dən genişləndirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin Baş katibliyinin dərc etdiyi bəyanata əsasən, bu qərar əhalinin sağlamlığının möhkəmləndirilməsi və bilavasitə şəkər və tütündən istifadə ilə bağlı xroniki xəstəliklərin profilaktikası üzrə BƏƏ hökumətinin səylərinin dəstəklənməsinə yönəldilib. Bəyanatda qeyd edilir ki, şəkər və ya şəkər əvəzedicilərinin əlavə olunduğu hər bir məhsuldan – içki, konsentrat, toz halında, ekstrakt, yaxud içkiyə çevriləcək digər məhsuldan 50 faiz həcmində vergi tutulacaq. Bununla yanaşı, istehsalçıya içkinin tərkibində şəkərin miqdarını alıcıya göstərmək tapşırılır.

Qeyd olunur ki, siqaretçəkmədə istifadə edilən, tərkibində nikotin və tütün olan elektron qurğulardan, oxşar qurğularda tətbiq edilən mayelərdən də 100 faiz həcmində vergi tutulacaq.