05 dekabr 2019 15:33
818

Bələdiyyələr islahatların regionlarda uğur qazanmasına töhvə verəcək - FOTO

Dekabrın 5-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının qərargahında 23 dekabr tarixində keçiriləcək  bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərcaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyası, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tədbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib.”

S.Əhmədova, sonra xalqın sosial-ictimai həyatında bələdiyyələrin rolundan danışıb. Natiq dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının qarşısında duran vəzifələri açıqlayıb.  Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, yarandığı 20 il ərzində ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolu barədə ətraflı danışıb.

Qeyd olunub ki, rayon üzrə 34 bələdiyyədə təmsil olunmaq üçün namizədlər qeydə alınıb.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Pərviz Ağayev, Vidadi Zərbiyev, Zamin Allahverdiyev, Gülnar Mustafayeva, Minazər İsgəndərova və başqaları bildiriblər ki, məqsəd bələdiyyələrin ərazisində əhaliyə göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəltmək, yerli əhəmiyyətli problemlərin həllinə dəstək olmaq, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhfə verməkdir.

YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri seçiciləri partiya tərəfindən namizədlikləri irəli sürülən şəxslərə səs verməyə çağırıblar.

Orxan Vahidoğlu, “İki sahil”