13 dekabr 2019 19:32
955

Bələdiyyələrin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb

Dekabrın 13-də Yeni Azərbaycan Partiyasi Nəsimi rayon təşkilatının  təşkilatçılığı ilə partiyanın rayon təşkilatının qərargahında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası  çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüş keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, toplantının keçirilməsində məqsəd bələdiyyə seçkiləri ərəfəsində rayon sakinlərinin, xüsusilə səhiyyə işçilərinin fəallığının artırılması və digər məsələlərin müzakirəsindən ibarətdir.

Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki islahatların davamlı şəkildə həyata keçirildiyini ifadə edən YAP Nəsimi rayon təşkilatının sədri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, mütərəqqi siyasətin nəticəsi kimi  ölkəmizin səhiyyə sahəsində çalışan siyasi fəalların da partiyanın sıralarında çoxluq təşkil etdiyini  vurğuladı.

Rayon təşkilatının sədri, həmçinin, əlavə edib ki, ölkəmizdə bələdiyyə institutunun yeni yaranmasına baxmayaraq, onun inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə mühüm qanunvericilik bazası formalaşdırılmış və bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

 Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyası tərəfindən Nəsimi rayon bələdiyyəsi üzvlüyünə irəli sürülmüş namizədlərlə tədbir iştirakçılarını  tanış etdikdən sonra səhiyyə işçilərini qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa, YAP tərəfindən irəli sürülmüş namizədlərə   səs verməyə çağırıb.

Tədbirdə gənclərə bir sıra təbliğat materialları  paylanılıb.