KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Bəs Heydər Əliyev olmasaydı?..

11 iyun 2019 11:09
1083

15 İyun – Milli Qurtuluş Gününün növbəti ildönümü ərəfəsində tarixə qısa ekskurs

Təsəvvür belə etmək istəməzdik. Məhz o günlərdə Heydər Əliyev olmasaydı, kim bilir nələr olacaqdı. Yəqin ki, Azərbaycan ermənilərin yüz il ərzində işləyib hazırladığı, Sovetlərin son günlərində geniş icra etməyə girişdiyi plana uyğun olaraq çıxılmazlığa yuvarlanacaqdı. Ermənilər söz vermişdilər ki, Azərbaycanı Livana, Bakını da Beyruta çevirəcəklər. Addım-addım da buna doğru gedirdilər. Özü də çox uğurlu bir şəkildə. Həm torpaqlarımızı işğal edir, həm də ölkənin müxtəlif yerlərində terror aktları törədirdilər. Plan işləyirdi. Bunun üçün həm də çox əlverişli bir şərait vardı.

Bakıda silahlı adamların əlindən küçəyə çıxmaq olmurdu. Səhər evdən çıxanlar axşam salamat dönəcəklərinə əmin deyildi. Heç evdə qalanların da əminliyi təminat altında sayılmazdı. Oğru-quldur, soyğunçu, silahlı qoçular hər tərəfdə qorxu saçırdı. Bu yandan da hakimiyyət getdikcə zəifləyir, xalq arasında etimadını sürətlə itirirdi.

O da yadımızdadır ki, 1992-ci ilin iyununda prezident seçilən Əblüfəz Elçibəy, “bir il keçməz, məni devirərsiniz” deyərək işə başlamışdı. Belə anlaşılır ki, adam başına gələcəkləri bilirdi. Lakin bildiyi halda belə prezident kürsüsündən imtina edəcək deyildi.

Doğrudan da elə oldu. Əvvəlcə xalq olaraq sevindik ki, nəhayət, Rusiyanın təsirindən qurtulduq, öz adamımızı prezident seçdik. Lakin bu prezidentin komandası az keçmədən bizi – xalqı məyus etməyə başladı. Hər tərəfdə özbaşınalıq, rüşvətxorluq, mənəm-mənəmlik baş alıb gedirdi. Artıq Əbülfəz Elçibəy nəinki ölkəni, heç öz komandasını belə idarə edə bilmirdi. Bir tərəfdən də hərbi müxalifət ortaya çıxmışdı. Surət Hüseynov adlı birisi Qarabağ cəbhəsindəki əsgərlərini Bakının üzərinə yürütmüşdü. Elçibəy sadəcə çox çıxılmaz bir durumda idi. Azərbaycanı belə bir durumdan ya möcüzə, ya da olduqca təcrübəli, qətiyyətli-qərarlı bir lider çıxara bilərdi. Möcüzəyə bel bağlamaq olmazdı. Əbülfəz Elçibəydə də o xarakter yox idi. Elə bir mürəkkəb – keşməkeşli dövr üçün bu adam olduqca yumşaq – qərarsız və qətiyyərsiz biri idi.

Amma tale Azərbaycanın məhz o durumdan çıxması üçün illər öncə həmin lideri yetişdirmişdi. Qətiyyət, qərarlılıq, cəsarət, xarizma! Bütün bunları özündə ehtiva edən, illər uzunu mənimsəmiş o təcrübəli lider, nə yaxşı ki, vardı.

Əbülfəz Elçibəyin artıq çıxılmaz durumda olan ölkəni xilas etmək üçün verdiyi o qərar bir tarixdir və doğru dəyərləndirilməlidir. O, Surət Hüseynov və başına topladığı xainlərin Bakıya hücumunun qarşısında artıq aciz qaldığını anlayınca son çıxış yolu kimi Heydər Əliyevə müraciət etməyi gördü. Və düz də etdi! Əks halda Azərbaycan qardaş qırğınına düçar olacaq, kim bilir, bəlkə elə bu günümüzə kimi odun-alovun içində qalacaqdı.

Məhz Əbülfəz Elçibəyin çıxılmaz durumda ölkəni xilas edəcək tək lider kimi Heydər Əliyevi görməsi Azərbaycanı bütün anlamlarda o faciələrdən geri döndərmiş oldu. Heydər Əliyev də həyatını belə təhlükəyə ataraq Bakıya döndü, dövlətin idarəetməsini üzərinə götürdü. Dərhal da işə başladı.

Biz o günlərin iştirakçısı və şahidləriyik. Hər şey gözümüzün önündə, bəzən də bizim iştirakımızla baş verib. İndi bəziləri çıxıb iddia edir ki, Heydər Əliyev guya Əbülfəz Elçibəyi deviribmiş. Bunu deyənlər gözlərinin içinə qədər yalan danışır! Çox da uzaq olmayan bir tarixdə millətin gözü önündə baş verənləri bu qədər təhrif etməklə gənclərin beynini pozanlar, belə anlaşılır ki, o günlərdə qalmış milli qarşıdurmanı, çaxnaşmaları yenidən körükləndirmək istəyir. Bizsə o gün olduğu kimi bu gün də o adamlara imkan verməyəcəyik!

Heydər Əliyev, qeyd etdiyimiz kimi, öz qətiyyəti və təcrübəsilə meydana atıldı. Tarix ona yenidən Azərbaycan xalqını xilas etmək, milli kimliyimizi qorumaq üçün vəzifə verdi. O da bu vəzifəni növbəti dəfə uğurla yerinə yetirdi, iç çalxantılar üzündən öləziməkdə olan Azərbaycanı sabitləşdirdi, başıpozuq silahlı müxalifləri zərərsizləşdirdi, etnik bölücülük edənləri pərən-pərən salaraq xalqın birliyini təmin etdi.

Haşiyə: Heydər Əliyevin 1993-cü ilin 15 iyunundan sonra Azərbaycanı idarə etdiyi günlərdə bir tələbəydim. Güneydə, Quzeydə etnik bölücü ünsürlərə qarşı mücadilə gedirdi. Ölkənin hər tərəfində ən balaca kəndlərdə belə insanlar ayaq üstündə idi. Yadımdadır, bir dəfə öz kəndimizə – Dədəliyə (Xaçmaz) getmişdim. Böyük qardaşım Abasqulunun evindəydik. Hava qaralanda ayağa qalxdı ki, mən getdim. Təəccüblə soruşdum: bu gec vaxtı hara belə? Cavab verdi ki, posta. Nə olduğundan xəbərim yoxdu. İzah etdi ki, ləzgilərin hücumu gözlənilir. Ona görə də kəndin bütün giriş-çıxışında 24 saat növbə çəkilir. Özü də bu növbəni kəndin cavanları çəkir. Əllərindəki quş tüfənglərilə…

Heydər Əliyev hakimiyyətə dönüşündən dərhal sonra bölücü əhvala aldanmış insanları qucaqlamağı, xalqı bütünləşdirməyi bacardı. O, “Azərbaycançılıq ideologiyası”nı elan edərək insanlarımızı etnik və dini mənsubiyyətinə görə bölmək istəyənlərin qarşısına çıxdı. Məhz bu ideoloji seçim ölkədəki bütün etnik azlıqların özlərini Azərbaycanın tam hüquqlu vətəndaşı kimi hiss etməsinə səbəb oldu. Bu gedişlə Heydər Əliyev milli azlıqları və etnik qrupları alətə çevirmək istəyən xarici qüvvələrin qarşısına elə bir sipər çəkdi ki, ondan sonra heç kim bu ölkədə bölücülük edib uğur qazana bilmir. Məhz Heydər Əliyevin düzgün və uğurlu siyasəti Azərbaycan xalqını birləşdirdi, bütünləşdirdi.

Ölkənin xarici siyasəti də artıq sürətlə qurulmağa başlamışdı. O da yaxşı yadımdadır ki, Heydər Əliyev hara getsə yanında bir topa xəritə aparırdı. Bu xəritələrdə Ermənistanın işğal etdiyi torpaqlar, ölkəmizin hər tərəfinə səpələnmiş çadır şəhərcikləri göstərilirdi. O, kiminlə görüşsə sadəcə sözlə deyil, xəritə üzərində də izahat aparmaqla başımıza gələnləri ustalıqla izah edirdi. Mən də o xəritələrin bir surətini əldə etmişdim. Çoxaldıb yanımda gəzdirirdim. Özəlliklə də xarici səfərlərə gedəndə aparır, ingilisə, fransıza, almana hədiyyə edirdim ki, gerçəkləri görsünlər…

Böyük neft siyasəti isə bütün qarşıdurmalara, silahlı təxribatlara baxmayaraq baş tutdu. Məhz Heydər Əliyevin qətiyyəti və dəyanəti sayəsində Azərbaycan 1994-cü ilin 20 sentyabrında əsrin kontraktını imzaladı!

Və beləcə darmadağın olmuş Azərbaycanı Heydər Əliyev parça-parça topladı, bir araya gətirdi, bütünləşdirdi. Ən adi narahatlıq durumunda belə yalnız Azərbaycan xalqına arxalandı, ondan dəstək istədi, aldı. Heç bir xarici qüvvəyə bel bağlamadı Heydər Əliyev! Ona görə də qarşıdurmalar girdabında olan Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri kimi bizə miras qoymağı bacardı.

Bəs Heydər Əliyev olmasaydı? Cavabı bir yana, bu sualın özü belə insanda vahimə yaradır. O olmasaydı, yəqin ki, Azərbaycan da İraq, Suriya kimi ölkələrin günündəydi indi. Yəqin ki, hər tərəfdə bombalar partlayır, qan su yerinə axırdı ölkəmizdə. Yəqin ki, biz artıq dünyada özünün möhtəşəmliyi ilə deyil, hər gün partlayan bombalarıyla ad çıxarmış bir ölkənin vətəndaşıydıq. Kim bilir, bəlkə də bu yazının müəllifi olaraq mən də hardasa o partlayan bombaların qurbanlarından biriydim. Əgər Heydər Əliyev olmasaydı…

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...