KÖŞƏ

Sevinc Azadi

“Beşinci kolon”un koronavirussayağı davranışları...

11 iyun 2020 12:02
2825

Radikal müxalifət təmsilçiləri manipulyativ informasiyalar yayaraq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmağa cəhd göstərirlər

Hazırkı mərhələdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər həyata keçirməklə çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub. Nəzərə alsaq ki, koronavirus təkcə pandemiya hadisəsi deyil, eyni zamanda, hər bir ölkənin sosial-iqtisadi, mənəvi, humanitar sferalarına dərindən təsir edən bir faktora çevrilib, o zaman, əlbəttə ki, bir sıra ölkələr ən müxtəlif çağırışlarla üz-üzə qalmalı olurlar. Çünki uzun müddət sosial fərdlərin aktiv fəaliyyətinin qarşısının alınması, eyni zamanda, iqtisadi münasibətlərə, milli iqtisadiyyata da təsir göstərir və bu məhdudiyyətlər iqtisadi fəaliyyəti də məhdudlaşdırır. Prezident İlham Əliyev qeyd edib ki, biz əvvəlcədən bilirdik ki, sosial təcrid və sosial məhdudlaşdırmalar iqtisadi fəaliyyəti də məhdudlaşdıracaqdır, ancaq bizim seçimimiz Azərbaycan vətəndaşlarının sağlamlığından yana oldu və biz ilk növbədə vətəndaşların təhlükəsizliyini təmin etmək barədə düşündük, çünki iqtisadi tərəqqi və yaxud tənəzzül bir-birini əvəz edən hadisələrə çevrilə bilər, hər hansı bir iqtisadi uğura bir qədər daha sonra çatmaq olar, amma ilk növbədə, vətəndaşların sağlamlığının, onların təhlükəsizliyinin təmin olunması Azərbaycan dövlətinin ümdə vəzifələrindən biridir.

Göründüyü kimi, dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar. Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar.

Təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edildi. Onlar sosial izolyasiya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqli formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri oldu. Məlumdur ki, sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir. Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır. Unutmamalıyıq ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət qarşısında ciddi məsuliyyət qoyur. Xüsusilə də kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir.

“Beşinci kolon”un və radikal müxalifətin koronavirussayağı davranışı əslində, ölkəmizdə siyasi-ideoloji müstəvidə və informasiya məkanında da təxminən koronavirusa bənzər davranış nümayiş etdirən qruplaşmalar var. Bu ünsürlər ictimai rəyi maniupuliyasiyaya məruz qoymaq məqsədilə daha çox insanı radikal düşüncələrə yoluxdurmaq, Azərbaycanın milli maraqlarına qarşı yönləndirmək üçün siyasi platformada elə koronavirus infeksiyası kimi hərəkət edirlər. Ümumiyyətlə, karantin rejiminin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətdir. Özünün, cəmiyyətin və bütövlükdə xalqının sağlamlığını düşünən, məsuliyyət hissi daşıyan hər bir şəxs bu qaydalara əməl etməyə borcludur.