12 dekabr 2019 11:10
3707

Bəsit təfəkkürü ifadə edən arqumentlər

Məlum olduğu kimi, Azərbaycanda  fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq ölkəmiz seçkilərə hazırlaşır. Amma radikal müxalifət düşərgəsində həmişə olduğu kimi, bu gün də təlaş, fikir ayrılığı, təşviş və pərişanlıq hökm sürür. Hər dəfə olduğu kimi, pafoslu cümlələr, ibarəli çağırışlar, eyhamlı açıqlamalar, ünvanlı söyüşlər və ünvansız suçlamalar axını günbəgün artır.

Budəfəki seçkilərdə də məğlub olacaqlarını, arxalarında seçici elektoratının olmadığını, xalqın etimadını çoxdan itirdiklərini anlayan radikal düşərgə ünsürləri seçkiləri pozmaq üçün indidən ara qarışdırmağa başlayıblar. Onların bir qrupu guya ölkədə lazımi seçki mühitinin olmadığını əsas gətirərək, seçkini boykot edəcəklərini bəyan edir. Digər bir qismi isə mövsümü, qış fəslini bəhanə edərək seçkilərdə iştirakın mümkünsüzlüyünü deyir. Görünür onların başqa bir bəhanələri yoxdur. Çünki neçə vaxtdır ki, ölkədə ciddi islahatlar aparılır, idarəetmə orqanlarında gənclərə daha çox üstünlük verilir, dövlət idarəçiliyində yeni metoda keçirilir. Bir sözlə, respublikamızda islahatların yeni mərhələsi başlanıb. Bu yenilik, islahatlar Milli Məclisi də əhatə etməli idi və etdi.

“Azərbaycanda radikal müxalifət parlament seçkiləri ilə əlaqədar irəliyə sürülmüş təşəbbüsə özünün adətinə uyğun şəkildə, qarayaxma taktikası əsasında münasibət bildirməyə çalışır” deyən Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib ki, radikal müxalifət bəzi hallarda çox gülməli və bəsit təfəkkürü ifadə edən arqumentlər gətirir: “İddia edir ki, Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi təşəbbüsünün əsas səbəbi seçkilərin soyuq ayda baş tutması ilə əlaqədardır. Guya, müxalifət soyuq aylarda seçkilərdən kənarda qalacaq. Bu fikri belə təfəkkürün daşıyıcısı olan Əli Kərimli səsləndirib. Bu insanın dünyagörüşü haqqında istər-istəməz düşünməli olursan və təəccüb edirsən ki, bu cür bəsit təfəkkürə malik olan bir insan özünü müxalifət lideri kimi təqdim etməyə çalışır. Əslində, seçkilərlə bağlı özlərinə uyğun şəkildə ifadə etdikləri absurd fikirlərin kökündə duran real səbəb isə onların seçkilərə hazır olmamaları və sosial dayaqlarını tamamilə itirmələri ilə əlaqədardır. Seçkidə iştirak etməyin ən başlıca səbəbi siyasi partiyanın yetərincə sosial dayağa və ictimai nüfuza malik olması ilə əlaqədardır. Bu parametrlərə malik olmayan partiyaların seçkilərdə iştirak edərək hər hansı uğur qazanması qeyri-mümkündür”.

Ə.Əhmədov onu da söyləyib ki, radikal müxalifət partiyaları Azərbaycan cəmiyyətində sosial dayaqlarını tamamilə itirdikləri üçün Azərbaycan vətəndaşlarının onların irəli sürəcəyi namizədlərə inamları yoxdur və beləliklə də seçkilərdə iştirak etmək radikal müxalifətə hər hansı bir uğur gətirmir: “Belə olan halda onların taktikası ona əsaslanır ki, seçkilərdə özlərinin mütləq uğursuzluqlarını ört-basdır etmək üçün müxtəlif bəhanələrlə seçkilərdə iştirak etməkdən imtina etsinlər. Burada söhbət sadəcə olaraq həmin partiyaların seçkilərdə iştirak etmək üçün lazım olan insani, ictimai dəstək resurslarının çatışmaması ilə əlaqədardır. Bu resursları olmadığından onlar seçkilərdə iştirak edə bilmirlər, ancaq bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar və beləliklə, yenə də adətlərinə uyğun olaraq Azərbaycan iqtidarının üzərinə qarayaxma kampaniyası ilə gəlməyə cəhdlər göstərirlər”.

Ümumiyyətlə, sosial bazaları olmayan, küçə və meydan təfəkkürü ilə seçkiləri boykota çağıran bu zümrələrin sonlarının çatdığını azsaylı iştirakçılarla keçirdikləri mitinqlər də ortaya qoydu.

Mənsumə Babayeva, “İki sahil”