08 iyul 2020 18:43
1082

Beynəlxalq həmrəyliyi gücləndirən təşəbbüs

Politoloq Fikrət Sadıqov dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü belə dəyərləndirdi

 

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Məhz koronavirusla mübarizə sahəsində ilk beynəlxalq təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb”. Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Fikrət Sadıqov söyləyib.

O xatırladıb ki, mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü keçirildi. Onun ardınca növbəti təşəbbüs - BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi: “Azərbaycan Prezidenti İlham Əliyevin digər təşəbbüsləri kimi, bu ideyası da dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndi. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dəstək verdi. Keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı üzvlərinin müdafiə etdikləri təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə Qoşulmama Hərəkatı ölkələrinin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib”.

Politoloq qeyd edib ki, bu, tarixi bir təşəbbüsdür: “COVID-19 yalnız bir və ya bir neçə dövlətdə yayılmayıb, bütün dünyanı bürüyüb. Pandemiya ilə mübarizə qlobal xarakter daşımalı, bütün ölkələr səylərini, imkanlarını birləşdirməlidirlər. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun liderinin - Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı bir reallıqda Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir”.

F. Sadıqov vurğulayıb ki, möhtərəm Prezidentimiz bu təşəbbüsü ilə həm də BMT-nın zəifləyən nüfuzunun qaldırılması mənafeyinə xidmət edən bir davranış ortaya qoydu. Bu təşəbbüs Azərbaycan Prezidentini həm də dünyada qlobal baxışlı lider kimi tanıtdı.

Nigar Orucova, “İki sahil”