04 aprel 2019 11:35
7517

Beynəlxalq İnternet Günü: şəbəkənin inkişaf tarixi

Aprelin 4-ü bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd edilir. 2005-ci ildən tətbiq olunan bu bayram insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülmüşdür. “ICTnews” xəbər xidmətinin qeyd etdiyi kimi, bu gün veb-usta (veb-developer, veb-dizayner) və ümumiyyətlə, qlobal internet şəbəkəsi ilə bağlılığı olan hər kəsin bayramıdır.

İnternetin yaranması

İnternet bəşər tarixinin ən böyük ixtirasıdır desək, yanılmarıq. Çünki internet olmadan XXI əsrdə həyatımızı təsəvvür etmək mümkün deyil. İnternetdə vahid idarəetmə mərkəzi, yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. 1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompyuterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompyuter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompyuteri vahid sistemdə birləşdirə bildilər. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompyuterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET idi.

1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynəlxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. “Transmission Control Protocol” ötürməyə nəzarət protokolu - verilənlərin ötürülməsinə nəzarət edən protokol və “İnternet Protocol”, yəni internet protokolu. 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET - Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu. Şəbəkə vasitəsilə kompyuterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim Börner Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. Qeyd etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynəlxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb.

İnternetin qloballaşması

Bu proses 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. “Internet Relay Chat” (IRC) protokolu 1988-ci ildə yaradılıb və şəbəkədə real zaman rejimində ünsiyyət qurmağa imkan verdi. 1989-cu ildə Avropa Nüvə Tədqiqatları Şurasında (CERN) məşhur ingilis alim Tim Berners-Lee tərəfindən təklif olunan Www (World Wide Web) konsepsiyası doğuldu. İki il ərzində Tim Berners-Lee HTTP protokolunu, HTML dilini və URI’-lərini inkişaf etdirdi. Bir il sonra ilk dəfə telefon xətti ilə İnternetə qoşulmuşlar.

İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılmışdır və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Bunun əsas səbəbi ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün internetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin icrasının nəticəsidir. 2006-cı ildən başlayaraq Azərbaycanda internetin qiymətinin ardıcıl olaraq aşağı salınması üçün tədbirlər görülür. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılmışdır.

Sevinc Azadi, “İki sahil”