15 may 2019 10:31
474

Beynəlxalq siyasətin təsadüfi və müvəqqəti “gözəgörünməzi”

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyi zamanı  protokol qaydalarına uyğun olaraq çəkilən rəsmi kollektiv  fotoda Ermənistanın baş naziri Nikol Paşinyan növbəti kazusla üzləşib.

Belə ki, Şərq Tərəfdaşlığının “Facebook”dakı  səhifəsində yayımlanan fotoda arxada ayaq üstə dayanmış Nikol Paşinyan Ukrayna Prezidenti Pyotr Poroşenkonun ardında “görünməz” olub...

Təbii ki, ermənilər də bunun fərqinə varan kimi özlərinə məxsus aqressiya və həyasızlıqla Şərq Tərəfdaşlığının səhifəsinə hücuma keçiblər. Çoxsaylı şərhlər yazaraq fotonun səhifədə dəyişdirilməsini tələb ediblər. Sanki tələblə görünməyəni görünən etmək olurmuş kimi...

Vaxtaşırı fotolardakı “yersizliyi” ilə gündəmə gələn Paşinyan keçən ilin dekabrında da bənzər situasiya ilə üzləşmişdi. Belə ki, 2018-ci ilin sonlarında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü zamanı çəkilən fotoda da Paşinyanın “yeri yox idi”... Həmin vaxt qeyri-rəsmi zirvə görüşü çərçivəsində dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edərkən Rusiya Prezidenti  Vladimir Putinin sağında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin, solunda isə Belarus lideri Aleksandr Lukaşenkonun əyləşməsi ilə yaddaqalan fotoda  Paşinyanın az qala liderlərin cərgəsini tərk edib mühafizəçilərlə birlikdə oturması da həmin vaxt işğalçı ölkənin gündəmində şok effekti yaratmışdı.

Baş verənlərə bir az kənar aspektdən nəzər saldıqda Nikol Paşinyanın kazuslarının təsadüfi olmadığını, əslində elə tarixi zərurətin təzahürü kimi ortaya çıxdığını anlaya bilərik. Bu kazuslar Ermənistanın əvvəlki rəhbərlərindən də daha radikal və aqressiv olması ilə seçilən, psevdodemokratiya görüntüsü  ilə əslində daxilən daha çox despot ruhlu Nikol Paşinyanın fotolardakı “gözəgörünməzliyi” əslində onun beynəlxalq siyasətdə sadəcə görünməyən bir piyada olmasından, hökumət rəhbəri qismində heç bir əhəmiyyət kəsb etməməsindən xəbər verir.

Nikol Paşinyanın psixoloji portreti və fotolardakı passiv-aqressiv tərəfini sərgiləyən bədən dili də, özünə inamsızlığını göstərən jest və mimikaları da təcavüzkar ölkənin baş nazirinin əslində daxilən suçluluq kompleksi daşıdığını, cəmiyyətə şüurunun dərin qatlarında özünü hazırkı posta qətiyyən layiq görmədiyini ələ verən iradəsindən  kənar mesajlar ötürür.

Bu fotokazuslar “təsadüflərin əsərləri” deyil. Nikol Paşinyan daxilən mühüm vəzifə tutmağa layiq olmadığını, hazırkı məqama tarixi şəraitin dolanbacları vasitəsilə təsadüfən düşdüyünü, öz səriştəsizliyini, naşılığını və qeyri-peşəkarlığını lap yaxşı bilir. Bu özünəgüvənsizliyi, inamsızlığı və səriştəsizliyi  isə şüuraltının diktəsi ilə özünü müxtəlif beynəlxalq tədbirlərdə çəkilən fotolarda büruzə verir.

Nikol Paşinyan özlüyündə lider  olmadığını lap yaxşı bilir. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərin birində çəkilən fotoda da dövlətimizin başçısının şax və özgüvənli görüntüsü fonunda Ermənistan baş nazirinin büzüşüb və boynunu əyib oturması Paşinyanın təkcə Dağlıq Qarabağ problemi ilə bağlı haqsız və işğalçı mövqe tutduğunu bilməsi ilə yekunlaşmır.  İnsan psixologiyasına və bədən dilinin incəliklərinə azacıq bələd olanlar həmin fotoda həm də özünə, siyasi səriştəsinə, elmi potensialına və diplomatik bacarığına son dərəcə əmin olan və bütün bunları vücudu və qaməti vasitəsilə bəlli etməyi bacaran Azərbaycan Prezidentinin yanında Nikol Paşinyanın büzüşük görüntüsü, əslində onun necə bir natamamlıq kompleksindən və özünün hərtərəfli yarımçıqlığından daxili əzab çəkdiyini asanlıqla sezə bilərlər.

“Şelkunçik” baleti zamanı  mühafizəçilərin yanında yer alması da birbaşa küçədən kresloya dırmaşan, siyasətdən uzaq kəsin “qəhrəmanlıq” hekayəsinin fotoqrafik məzmunudur. Kimsə deyə bilər ki, bu hərəkət Rusiya Prezidenti Putinin Ermənistan baş nazirinə olan antipatiyasının göstəricisi idi. Bu, işin sadəcə bir tərəfidir. Əsas məqam odur ki, Nikol Paşinyan şüuraltında məhz liderlərin yanında deyil, özünü orada görə bilmir. Ona görə də onun mühafizəçilərlə bərabər əyləşməsi qətiyyən təsadüf, yaxud ona qarşı düşünülmüş təxribat deyil. Bu, Paşinyanın daxilən “nə qədər” və “nə boyda”  olduğunun istəmədən də olsa, cəmiyyətə etirafıdır...

Qayıdaq, əvvəldə söhbət açdığımız Şərq Tərəfdaşlığının sosial şəbəkədəki səhifəsində yer alan fotoya. Bu, şüvən salmağı özlərinin peşəsinə çevirmiş ermənilərin iddia etdikəri kimi hansısa təxribat, yaxud kazus deyil. Paşinyanın növbəti dəfə yenə özündən həm fiziki, həm də mənəvi, həm də siyasi cəhətdən böyük olan liderlərin arxasında gizlənib “görünməz olması” da onun daha  bir şüuraltı özünüifadəsi idi. Elə həmin fotoda inamla dünya liderləri ilə bir sırada layiqli yerini alan Azərbaycan Prezidenti İlham Əliyevlə müqayisədə Nikol Paşinyanın daxilən suçlu və natamam olduğunun  göstəricisi kimi az qala arxada büzüşüb gözdən itməyə çalışması əslində özünün nə bəşəri dəyərlər, nə də insani keyfiyyətlər baxımından qətiyyən həmin liderlərin sırasında yer almağa layiq olmadığını, həmin yerlərdə təsadüfi və müvəqqəti olduğunu bilməsinin   fotosudur. Təsadüfi və müvəqqəti... Eynilə Azərbaycanın Şuşasında yallı getdiyi zaman çəkilən fotosunda olduğu kimi!

Sevinc Abdullayeva, “İki sahil”