30 oktyabr 2020 18:34
730

Beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini görməyə başlayıblar

“Təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Göygöl, Ağcabədi, Goranboy, Daşkəsən rayon və şəhərlərini, kəndlərini dəfələrlə hədəfə alması mülki vətəndaşlarımızın qətlə yetirilmələri ilə nəticələnir. Xüsusilə Gəncədə törədilmiş erməni vəhşiliyindən sonra növbəti hədəf olaraq Bərdənin raket zərbələrinə məruz qoyulması artıq düşmənin nə qədər vicdandan kənar olması reallığını kifayət qədər sübut edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov deyib.

O bildirib ki, 30 ilə yaxın müddətdə Azərbaycan haqq səsini dünyaya faktlarla çatdırmasına baxmayaraq, ölkəmizə qarşı ikili standartlar tətbiq olunmaqla ədalətsiz mövqe sərgilənirdi: “Lakin bu gün iki beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatları - “Human Rights Watch” və “Amnesty International” 21 dinc sakinin həlak olduğu, 70 nəfərdən çox insanın yaralandığı Bərdə hücumunu pisləyən bəyanat yaymaqla, ermənilərin konvensiyalar əleyhinə kasetli bombalardan istifadə etdiyini hesabat şəklində açıqlayıblar. “Human Right Watch”n hesabatında qeyd olunub ki, Ermənistan qüvvələri beynəlxalq səviyyədə qadağan olunmuş kassetli sursatı ya özü istehsal edir, ya da alır. Sözügedən hesabatda o da vurğulanır ki, həmin bombalar Bərdə şəhərinə qarşı tətbiq olunub. “Bu qəddar silahların beynəlxalq Konvensiya ilə qadağan edilməsinin bir səbəbi var və bu silahların şəhərin mərkəzində istifadəsi, mülki həyata və beynəlxalq hüquqa kobud  hörmətsizlikdir”, - deyə təşkilatın mütəxəssisi Belkis Ville bəyan edib.

Eləcə də “Amnesty International” təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan istifadə etdiyini təsdiqləyib və bununla bağlı hesabatını təqdim edib. “Amnesty International” təşkilatının böhranla mübarizə üzrə ekspertləri fotolara (Vice News tərəfindən Bərdədə çəkilmiş şəkillər) əsasən, şəhərə erməni silahlı qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərinin 9N235 saylı “claster” tipli sursat parçaları olduğunu təsdiqləyiblər”.

S. Abbasov qeyd edib ki, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarının verdiyi qərar Ermənistana beynəlxalq arenada vurula biləcək ən böyük zərbələrdən biri idi: “Çox istərdik ki, bəyanatlar qısa zamanda digər aparıcı insan hüquqları təşkilatları tərəfindən də qəbul edilsin. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, artıq hər addımlarında tərəzinin hər iki gözünü ölçmək məcburiyyətindədirlər. Çünki Ermənistanın vəhşiliklərini görməzdən gəlib onu müdafiə etmək həmin təşkilatların nüfuzuna ciddi zərər vura bilər. Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməsinə, Xarici İşlər Nazirliyinin rəsmi bəyanat verməsinə baxmayaraq nüfuzlu təşkilatlar Bərdə terroruna qədər susurdular. Lakin artıq nüfuzlu beynəlxalq təşkilatlar da özlərinin korlanmış imicini Bərdə hadisələrini işıqlandıraraq bərpa etməyə qərar verdilər. Beynəlxalq təşkilatlar artıq görürlər ki, daxildən çürümüş belə bir dövləti müdafiə etmək sözün əsl mənasında bütün regiona zərər gətirə bilər”.

Nigar Orucova, “İki sahil”