18 oktyabr 2019 13:45
950

Binəqədi rayonunda qətl hadisəsi törədilib

Oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.