21 avqust 2019 18:45
1095

Bir ömrün qəhrəmanlıq salnaməsi

  Eşqi, muradı günəşdən nur alan işıqlı insanlardan biri Fəzail Əmir oğlu Ağayev 1961-ci ildə Lerik rayonu, Musavar kəndində dünyaya göz açmışdı.. Vətəninə, xalqına, torpağına bağlılıq lap uşaqlıq  yaşında onun qəlbinə hakim kəsilir. Orta məktəbi bitirəndə  vətənpərvərliyi, humanistliyi  onun  gördüyü işlərdə   özünü göstərir. Amalı , məqsədi insanların səadəti, el-obanın tərəqqisi üçün çalışmaq olur.

 Fəzail 2 il Rusiyanın Perm şəhərində Sovet Ordusu sıralarında xidmət edir. Ağılı, həyata baxışı, yüksək mənəviyyatı ona hərbi hissədə  böyük nüfuz gətirir. Onun mənəvi dünyasında yer tutan  vətənə fayda vermək əzmi, qətiyyəti  burada da özünü göstərir.

 Əsgərlikdən sonra Fəzail Bakı Energetika Texnikumunda təhsil alır.  Lerik elektrik  şəbəkəsində  işə düzəlir. İşinə vicdanla yanaşır, əqidə və əməl adamı olaraq  saf, ülvi dəyərlərlə  ürəkləri sevindirir. Necə deyərlər, el-obada  yaxşılıq edə-edən, özü də yaxşılıq gözündə ucalır. Fəzail çox keçmir ki,  Lerik camaatı üçün etdiyi işlərlə   öyünməyə mənəvi haqqı olandan birinə çevrilir.

  Vətən Fəzail üçün hər şeydən  əzəl idi. Onu düşməndən təmizlənməyi müqəddəs iş sayırdı. Könüllü olaraq  ön cəbhədə erməni dığalarına qarşı mübarizəyə qalxır. Təki vətən yaşasın deyə ölümlə üz-üzə dayanır. Qanlı müharibə  həm də Fəzailin cəsurluğunu,  vətənpərvər olduğunu üzə çıxardır. O, həmişə qaynar nöqtələrdə olur, dığaların layiqlini cavabını verə bilir.  Bir müddət Goranboy rayonunda döyüşdükdən sonra Füzuliyə gedir. Burda da iştirak etdiyi döyüşlərdə cəsurluq, igidlik, mərdlik nümayiş etdirir.  1994-cü ildə rayonun strateji yüksəklikləri əla keçirmək  uğrunda qanlı vuruşda həlak olur.

 İndi həmin gündən düz 25 il keçir. Fəzail  vətən, torpaq yolunda şəhid olduğu üçün bütün Lerik camaatı onun qəhrəmanlığı ilə fəxr edir, belə şərəfli  bir  ömür yaşamaq arzusu ilə qurub-yaradırlar.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü