04 iyun 2019 10:36
1800

Bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin işlə məşğul ol

Müsahibimiz Xəzər Universitetinin magistrantı Nişanə Xəlilovadır

- Nişanə, ilk olaraq özün haqqında danış.

- 23 yaşım var. 2013-cü ildə 220 saylı məktəb-liseyin humanitar bölməsi üzrə məzun oldum. Elə həmin ildə 527 balla dövlət sifarişi əsasında Milli Aviasiya Akademiyasının Kompyuter mühəndisliyi ixtisasına qəbul olundum. Bakalavr təhsilimi fərqlənmə diplomu ilə bitirdim. Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutunda çalışdığım müddətdə magistraturaya hazırlaşdım. 2017-ci ildən Xəzər Universitetinin  Kompyuter mühəndisliyi ixtisası üzrə magistratura pilləsinə daxil oldum. Hal-hazırda həm işləyirəm, həm də diplom müdafiəm üçün hazırlaşıram.

- Sənin fikrincə, ixtisas seçimində müstəqillik nə dərəcədə önəmlidir?

-Kiminsə fikirlərini, məsləhətlərini öyrənmək, qərar verərkən nəzərə almaq olar. Amma müstəqil qərar vermək məsuliyyətini öz üzərinə götürmək üçün 18 yaş çox münasib dövrdür. Ətrafındakılar da seçiminə hörmətlə yanaşmalı, sənin bir şəxsiyyət olduğunu anlamalıdırlar. Çinlilərin çox gözəl atalar sözü var: “Bir saat xoşbəxt olmaq istəyirsənsə, yat. Bir gün xoşbəxt olmaq istəyirsənsə, sahildə balıq tut. Bir ay xoşbəxt olmaq istəyirsənsə tətilə çıx. Bir il xoşbəxt olmaq istəyirsənsə evlən. Bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin işlə məşğul ol.” Mənim ixtisasım kompyuter mühəndisliyi olsa da, hal-hazırda qrafik dizaynerəm. İxtisasımı da, hazırkı işimi də özüm seçmişəm.

- Qeyd etdin ki, qrafik dizaynla da maraqlanırsan. Bunu rəssamlıq istedadınla əlaqələndirirsənmi?

-Uşaq vaxtı rəsm çəkməyə çox marağım var idi. Amma bunun gələcəkdə qrafik dizayna maraq və həvəsimin yaranacağına səbəb olacağını düşünmürdüm. Hal-hazırda dissertasiyamla əlaqədar çox vaxtım olmur deyə bu sahə ilə məşğul ola bilmirəm. Diplom müdafiəm bitdikdən sonra isə qaldığım yerdən davam edəcəyəm. Bu sahədə əlimdən gələni edəcək, bilik və gücüm çatdığım qədər çalışacağam ki, qrafik dizaynda, sözün yaxşı mənasında, seçilənlərdən olum.

- Texnoloji vasitələr və sosial medianın aktuallığı haqqında fikirlərini bilmək maraqlı olardı

- Təbii ki, texnoloji alətlərdən, sosial mediadan faydalı və normal istifadə olunmasının tərəfdarıyam. İnternet çox lazımlı bir kəşfdir. Mən də sosial mediadan istifadə edirəm. Sosial media dövrün nəbzinə çevrilib. Maariflənmək, əylənmək, ünsiyyət qurmaq üçün, ixtisasımla əlaqədar sosial media mənə çox lazım olur.

- Nişanə, kitablara münasibətin necədir? Mütaliə etməyə vaxtın olurmu?

- Çox sevirəm kitabları. İçində kitablar və mən olan öz dünyam var. Bu sevgim məktəb vaxtından yaranıb. 6-cı sinifdən 11-ci sinfə qədər həftədə bir dərs saatı mütaliə üçün hazırlaşırdıq. Bu təşəbbüs isə Azərbaycan dili və ədəbiyyat fənnini bizə tədris edən Xanım müəllimədən gəlmişdi. Bizə mütaliəni bu qədər sevdirdiyi üçün  Xanım müəlliməyə ayrıca təşəkkürümü bildirirəm. İnsanın inkişafı üçün mütaliə çox önəmlidir. Kitablar insana empati hissini aşılayır və inkişaf etdirir.  Kitab oxuduqca dünyagörüşü, düşüncə tərzi, sözün yaxşı mənasında, dəyişir və inkişaf edir.

- Ən son oxuduğun kitab hansı olub? Həmin kitab haqqında fikirlərin?

- Cek Londonun “Martin İden” romanı. Bu kitab həyatın gerçəkliklərini adamın üzünə sillə kimi vurur. Təsirindən çıxmağım uzun müddətimi aldı. Cek Londonun kitabı  öz avtobiqrafiyası əsasında yazdığı da deyilir. Martin İden obrazı qarşısına əlçatmaz görünən məqsədlər qoyur və bununla da xoşbəxtlik qazanacağını düşünür. O istədiyi hər şeyi əldə edir. Amma təəssüf ki, heç bir şey xəyallardakı kimi gözəl deyil. Sonda o öz əvvəlki kasıb həyatına qayıdıb, dostları ilə birgə yaşaya bilmir, hansı ki, o vaxtlar daha xoşbəxt idi. Çünki o insanlarla ayaqlaşa bilmir. Gəldiyi mövqedəki yüksək zümrənin insanları isə onun düşündüyü qədər də müqəddəs deyilmiş. Ən böyük zərbəsini isə sevgisindən alır, hansı ki, bütün bu uzun yolu məhz sevgisi naminə qət etmişdi.

- Hansı musiqilər, ifaçılar sənin musiqi dünyana daha yaxındır?

-İncəsənət mənim üçün sərhəd tanımır. İstənilən janrda musiqi dinləmişəm. Sevimli ifaçım isə Maykl Ceksondur. Təkcə müğənni kimi yox, mən onun həm də humanizminin, tolerantlığının vurğunuyam. Bu iki prinsipi ifalarına da ötürməyi, yansıtmağı bacarıb.

- Xarici dil biliyini vacib hesab edirsənmi?

- Vacib deməzdim, amma üstünlükdür. Mənim ixtisasım üçün xarici dil çox önəmlidir. Azərbaycan dilində isə məlumatlar çox azdır. Xarici dildə məlumatlar isə həm moderndir, həm dolğundur, həm də daha faydalıdır. Xarici dil bilikləri həm də kommunikasiya və peşəkar karyera üçün  gərəklidir.

- Nişanə, asudə vaxtlarını necə dəyərləndirirsən?

-İlk olaraq, asudə vaxtlarımı kitab oxumağa həsr edirəm. Kitab ən mükəmməl seçimdir. Həftədə ən azı bir kitab oxumalıyam. Bundan başqa, xarici dildə filmlər izləməyi sevirəm. Bununla həm də xarici dil səviyyəmi, biliyimi inkişaf etdirdiyimi düşünürəm. Səyahət etməyi sevirəm. Təbiət qoynunda ruhumun, beynimin yorğunluğunu çıxarır, dincəlirəm. Azərbaycan təbiətini qarış-qarış kəşf etməkdən, gəzməkdən xüsusi zövq alıram.

- Sənin üçün elmin önəmi nədir?

-Elm həm də həyat deməkdir. Keçmişimiz, bu günümüz, gələcəyimizdir. Elm daim inkişafda, yenilənmədə, dəyişimdə olmalıdır. Elm öyrənilməli və öyrədilməlidir. Elmin ancaq faydasını gördüm. Yeganə elmdir ki, ziyanı yox, sənə yalnız xeyri dəyə bilər. Elm, incəsənət, mədəniyyət azad düşüncə və təfəkkürün olmadığı yerdə inkişaf edə bilməz. Müasir inkişaf mərhələsində ictimai həyatda elmin xüsusi çəkisi getdikcə artır. İndi ictimai həyatın elə bir sahəsi yoxdur ki, burada elmin ən son nailiyyətlərinə istinad etmədən uğur qazanmaq mümkün olsun. Azərbaycanda elmin tətbiqi istiqamətlərinin inkişafı üçün böyük sosial tələbat yaranmış, yeni texnologiyalar və müasir texniki avadanlıqlardan istifadə üzrə milli kadrların yetişdirilməsi sahəsində nəzərəçarpan uğurlar əldə olunub.

- Vətən sənin üçün hansı anlamı ifadə edir?

- Mənim fikrimcə, vətənpərvərlik ana laylaları ilə başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Vətən məhəbbəti Vətəni sevmək ən ülvi hissdir. Vətənimi və xalqımı sevirəm. Əvvəllər xaricdə təhsil almaq, orada yaşamaq haqqında düşünsəm də, indi Vətənimdən uzaq qala bilmərəm, Vətən həsrətinə dözməyə gücüm çatmaz. Fikrimcə, gəzməyə də, ölməyə də elə Vətənim yaxşıdır. Vətənimə, xalqıma, ailəmə layiqli bir vətəndaş olmaq üçün də gücüm çatan hər şey edəcəyəm.

- Dövlətimizin gənclər siyasəti haqqında fikirlərini bilmək istərdik?

- Bu gün respublikamızda gənclərə çox böyük qayğı göstərilir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiə edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlər cənab Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. İstərdim Azərbaycan gəncləri daha yüksək təhsilli, yüksək mədəniyyətə sahib olan, bacarıqlı, işində peşəkar və ölkəsini qoruyan gənclər olsunlar.

- Gənclərimizə nələri tövsiyə edərdin?

-Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirməlidir. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Gənclərimizin vicdanlı və ədalətli olmalarını, vaxtlarının dəyərini bilmələrini, faydasız, yararsız işlərə zaman ayırmamalarını istərdim. Çalışqan, əzmkar olsunlar, məqsədləri üçün mübarizə aparmağı bacarsınlar.

Yaqut Ağaşahqızı, “İki sahil”