12 dekabr 2019 12:06
647

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

ABŞ-ın sutkalıq xam neft hasilatı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 92 min barrel azalaraq sutkada orta hesabla 12,8 milyon barrel olub. Neft hasilatı Alyaska ştatında 8 min barrel artıb, digər ştatlarda isə 100 min barrel azalıb. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon, martda 12,2 milyon, apreldə 12,3 milyon, mayda 12,4 milyon, iyunda 12,2 milyon, iyulda 12 milyon, avqustda 12,3 milyon, sentyabrda 12,4 milyon, oktyabrda 12,6 milyon, noyabrda isə 12,8 milyon barrel olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 899 min barrel artaraq gündəlik 6,89 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 265 min barrel çoxalaraq sutkada 3,4 milyon barrelə çatıb.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,2 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacaq.