01 may 2020 10:17
2460

Birlik, həmrəylik, məsuliyyət

Dövlətimizin başçısı İlham Əliyev pandemiyaya qarşı mübarizə tədbirləri nəticəsində müşahidə olunan müsbət dinamikanın davam etdirilməsi üçün bu vəhdətin qorunmasının vacibliyini bildirir

“Mən bir daha demək istəyirəm ki, dövlət nə lazımdırsa edir. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq.”

Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə sosial məsuliyyətin artırılmasını bir tələb kimi qarşıya qoydu.

 Daim vurğuladığımız kimi, heç bir ölkə hansısa hadisədən, çətinlikdən sığortalanmayıb. Əsas olan yaşanan durumun ətraflı təhlili və vəziyyətdən çıxış yolunun düzgün müəyyənləşdirilməsidir. Azərbaycan bu təcrübəni nümayiş etdirdi. Belə ki, heç bir ajiotaj, depressiya yaşanmadan düşünülmüş və məqsədyönlü model ortaya qoyuldu.

 Bu gün dünyanı əhatə edən koronavirus pandemiyası ilk olaraq hər bir ölkənin səhiyyə sistemində mövcud vəziyyətə aydınlıq gətirdi. Ölkə Prezidenti İlham Əliyev bu günlərdə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında bu məsələyə diqqət yönəltmişdir. “Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir” söyləyən dövlətimizin başçısı bildirmişdir ki, ona görə bizim əsas vəzifəmiz xəstəliyin geniş yayılmasına imkan verməmək idi: “Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük.” Cənab İlham Əliyev bu dinamikanı şərtləndirən amilləri də diqqət çatdıraraq vurğulamışdır ki, artıq məhdudlaşdırıcı tədbirlərin nəticəsini görürük. Müsbət dinamikanın davam etdirilməsi üçün növbəti qərarların qəbul edilməsində mütəxəssislərin rəyinə önəm veriləcək. Məhdudlaşdırıcı tədbirlərin hansı zamanda yumşaldılmasının mümkünlüyü müəyyənləşdiriləcək. Son həftənin təcrübəsi göstərir ki, o gün uzaqda deyil.

Karantin rejiminin qaydalarının yumşaldılması insanları daha məsuliyyətli olmağa çağırır. Bu baxımdan ki, heç bir dövlət, eyni zamanda, heç kəs hansısa hadisədən sığortalanmadığı kimi, onu təkrar yaşaya biləcəyindən də xəbərdar ola bilməz. Bu gün dünyanın əksər ölkələrində pandemiyanın ikinci dalğası tüğyan edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirusla bağlı xalqa ikinci müraciətində də bu fikirlər öz əksini tapıb ki, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur: “Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.”

Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, biz birlikdə güclüyük. Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Tətbiq olunan qaydalarda ümumi məqsəd bu oldu ki, virusa yoluxma və ölüm halı sağalma halını üstələməsin. Atılan addımlar artıq öz müsbət nəticəsini verir.

Bu, hər zaman qeyd etdiyimiz kimi, mübarizənin tərkib hissəsidir. Digər tərəfi həkim əməyi, məsuliyyəti, səhiyyə sisteminin təkmilliyi, maddi-texniki bazasının möhkəmliyi, bir sözlə, mövcud çətinlikdən xilas olmağa nə dərəcədə hazırlığıdır. Azərbaycan bu sahədə də öncüllüyünü nümayiş etdirdi. Ən yüksək texnologiyalara, maddi-texniki bazaya malik xəstəxanalar koronavirus xəstələrinin ixtiyarına verildi. Müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsi açılışdan sonra müvəqqəti olaraq bu xəstələr üçün nəzərdə tutuldu. Tibb ocağında quraşdırılan avadanlıq istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Görülən bütün bu işlərin isə bir məqsədi var: Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması. 575 çarpayılıq tibb ocağında fəaliyyət göstərən şöbələr, çalışan yüksək ixtisaslı həkim heyəti xəstələrin normal həyata qayıtmaları üçün ciddi səylər göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək, Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: “Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.” Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın küçələrində yerləşdirilən reklam lövhələrində həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. “Eşq olsun Azərbaycan həkimlərinə!” şüarı həkimlərimizin əməyinə verilən yüksək dəyər, eyni zamanda, onlarda məsuliyyət hissinin artırılmasına stimuldur.

Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirləri diqqətlə izləyən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri görülən işləri yüksək dəyərləndirirlər. Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə evlərindən çıxmaması tövsiyə olunur. Vətəndaşlara daim bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi çoxalmaz, əhatə dairəsi genişlənməz. “Biz nə etməliyik” sualı ətrafında fikirlərini açıqlayan cənab İlham Əliyev bildirir ki, qaydaların pozulmasına imkan verə bilmərik: “Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Karantin qaydalarının günün tələblərinə uyğun olaraq sərtləşdirilməsində də əsas məqsəd insanların sağlamlığının təminatı, bunun üçün onların evdə qalması üçün tədbirlərin miqyasını genişləndirmək idi. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, xaricdən gələn soydaşlarımız, həmçinin tələbələr 14 günlük karantin rejiminə yerləşdirilir. Onlar tibbi müayinədən keçirilir, sonra evlərinə buraxılırlar. Karantin rejimi əsasən beş ulduzlu otellərdə, turizm mərkəzlərində həyata keçirilir. Təbii ki, bu kimi biri-birindən əhəmiyyətli addımların əsasında dövlətimizin vətəndaşlarına diqqət və qayğısı, onların sağamlığının prioritetliyi dayanır.

Dövlətimizin vacib və əhəmiyyətli addımların biri kimi, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əmək haqlarını həmin fonda keçirmələri ayrı-ayrı dövlət strukturlarına, idarə və müəssisələrə, sahibkarlara, adi vətəndaşlara bir çağırış oldu. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar fonda ianələr köçürdülər. Dövlətimizin başçısı İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında bu mühüm məqamı xüsusi qeyd edərək minnətdarlığını ifadə etmişdir: “Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.”

Göründüyü kimi, dövlət dəstəyi, dövlət-vətəndaş birliyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağamıza inamı daha da artırır.

Artıq son günlərin statistikası pandemiyaya qarşı mübarizənin ilkin mərhələsinin uğurlu nəticələrlə müşayiət olunduğunu təsdiqləyir. Amma bu, ölkə vətəndaşlarında arxayınlıq hissi yaratmamalı, əvvəldə də qeyd etdiyimiz kimi, daha məsuliyyətli olmalıyıq. Son aylarda görülən işlərin xronologiyasına diqqət yetirdikdə dövlətin, ölkə Prezidentinin vətəndaşının yanında olduğunu böyük ruh yüksəkliyi ilə qeyd edirik. Bu əhval-ruhiyyə dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan minnətdarlıq məktublarında da hiss olunur. Cənab İlham Əliyev kimi Prezidentimizin olmağından böyük qürur hissi keçirdiklərini sətirlərə yazan vətəndaşlarımız bu əminliyi də ifadə edirlər ki, ölkə Prezidentinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə səyləri nəticəsində görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində bu çətinlikdən də üzüağ çıxacağıq. Əsas olan budur ki, tələb edilən qaydalara riayət edək, ölkə Prezidentinin vurğuladığı kimi, birliyimizə, həmrəyliyimizə məsuliyyəti də əlavə edək. Birlik-həmrəylik-məsuliyyət vəhdətinin qorunması qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün əsasdır.

Yeganə Əliyeva, “İki sahil”