10 yanvar 2019 10:36
1829

Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq

Dövlətimizin başçısı İlham Əliyev 2018-ci ilin uğurlarını və 2019-cu ilin prioritetlərini özündə əks etdirən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində “Bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək” söyləyərək, bu mühüm hədəfi açıqlamışdır: “Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır.”

Ötən il  Azərbaycan Silahlı Qüvvələrinin,  Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradlar, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi  “ADEX 2018” Üçüncü  Beynəlxalq Müdafiə Sərgisi Azərbaycanın Ordusunun maddi texniki bazasının, gücü və qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyev böyük inam və qətiyyətlə bildirmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.   

Statistik rəqəmlərə diqqət  yetirsək,  Azərbaycan Ordusunun hansı imkanlara malik olduğu bəlli olur. Son illərdə  20-dən çox hərbi  zavod yaradılıb.  Bu zavodlarda  1200 adda hərbi təyinatlı  müxtəlif məhsullar istehsal olunur. Azərbaycan  artıq hərbi məhsullarını ixrac etməyə  başlayıb. “ADEX 2018” Üçüncü  Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına təbrikində də cənab İlham Əliyev ərazimizin  20 faizinin işğal altında olduğunu önə çəkərək qeyd etmişdir ki,  müdafiə qabiliyyətimizin artırılmasına və Silahlı Qüvvələrin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi diqqət yetirilir.

İqtisadiyyatımızın aynası kimi dəyərləndirilən dövlət büdcəmizdən ayırmalarda ilk yeri müdafiə xərclərinin tutması da səbəbsiz deyil.   Dövlət o zaman  qüdrətli olar ki, onun güclü iqtisadiyyatı və ordusu olsun.  Eyni zamanda, nəzərə alsaq ki, müharibə şəraitində yaşayırıq, güclü ordunun olmasının önəmi daha aydın görünür. Baxmayaraq ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bunu özlərinə sərf edən şəkildə təhlil edirdilər. Guya Azərbaycan sülh danışıqlarının aparılmasında maraqlı deyil. Aparılan bu kimi əsassız təbliğata cavab olaraq rəsmi Bakı bəyan edir ki, hərbi qüdrətimizin artırılması suveren haqqımızdır. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.   

Ötən il Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi  paradda  cənab İlham Əliyevin diqqət yönəltdiyi əsas məsələlərdən biri də məhz bu oldu: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir.”

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hadisələrə ən böyük dəyəri zaman verir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 53-cü yerdə qərarlaşdı. 136 ölkənin yer aldığı hesabatda Azərbaycan ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşdırıb.  Bu gün tam əminliklə qeyd edirik ki, ordumuz regionda siyasi sabitliyin təmin olunmasına, işğal altında olan  torpaqlarımızın azad edilməsinə tam hazırdır. Azərbaycan Silahlı Qüvvələri bu gün  NATO standartlarına uyğundur. Ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində ən mühüm islahatlar həyata keçirilir. Hər zaman bu reallıq diqqətə çatdırılır ki, 2016-cı ilin aprel hadisələri göstərdi ki, bu və ya digər dövlətlərin  himayəsi ilə “güclü ordu”ya malik olduğu mifini yaradan işğalçı Ermənistan Azərbaycanın  rəşadətli ordusu qarşısında acizdir.  Ordumuzda vətənpərvərlik ruhu yüksək olduğu kimi, hərbi hazırlıq məsələləri də daim diqqətdə saxlanılır.  Əvvəldə də qeyd etdiyimiz kimi,  hərbi hissələrin modernləşməsi, ən müasir silahlarla təchiz olunması üçün modern silahlar alınır, əsgər və zabitlərin mənzil-yaşayış şəraiti yaxşılaşdırılır.

Ötən ilin xarici siyasət uğurlarından bəhs edərkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə edən beynəlxalq ictimaiyyətin ölkəmizlə həmrəylik bildirməsi də Ermənistana siyasi zərbə kimi dəyərləndirilməlidir. Ötən il münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin Fransa və Rusiyanın mövqeyində yaranan dəyişikliklər diqqətdən kənarda qalmadı. Hər iki dövlətin Ermənistana münasibətində müşahidə olunan soyuqluq artıq bu reallığa işarə kimi dəyərləndirildi ki, dünya ədalətə ədalət gözü ilə baxmaq istəyir. Ermənilərin əsassız təbliğatı artıq qəbul olunmur. “Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” söyləyən dövlətimizin başçısı  İlham Əliyevin vurğuladığı kimi, “kim güclüdür, o da haqlıdır” prinsipi ilə idarə olunan dünyamızda güc amili əsas prinsipdir. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan Azərbaycan müstəqil siyasət yürüdür, heç bir kənar qüvvənin diktəsi ilə oturub durmur. Diplomatik mübarizədə qələbəmiz, eyni zamanda, günbəgün güclənən, qüdrətlənən ordumuz bu əminliyimizə əsas verir ki, tezliklə  işğal altında olan torpaqlarımız azad olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Bu qələbəmiz 2019-cu ilin ən mühüm  uğur səhifəsi olacaq.

Yeganə Əliyeva, “İki sahil”