05 oktyabr 2020 18:34
2804

Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.

Bu fikirləri oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa ünvanladığı müraciətində söyləyib.

Dövlət başçımız çıxışına qələbə xəbərlərini dilə gətirməklə başladı: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

Sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hücuma keçib yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə alandan sonra Azərbaycan Ordusu beynəlxalq hüquqa və ədalətə əsaslanaraq, torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirməklə, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçdi. İşğalçı Ermənistan bir neçə gündür Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələrinə davam gətirməyib böyük miqdarda canlı qüvvə və texnika itirir. Lakin təcavüzkar, əvvəllər olduğu kimi, yenə uğursuzluqlarını əhəmiyyətsiz dərəcədə kiçildir, Azərbaycan tərəfinin şəksiz qələbələrini gizlədir. Düşmən öz tərəfində yaranan təşviş və fərarilik barədə dezinformasiya yayır. Ermənistan rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə yayılan saxta məlumatlardan məqsəd qorxu və təşvişə düşən erməni əhalisinin diqqətini yanlış informasiyalarla əsl həqiqətdən yayındırmaqdan ibarətdir. Şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutması faktı sübut edir ki, Azərbaycanın güclü ordusu var və bu, təkzibolunmaz faktdır. Ermənistan tərəfinin digər “feyk-nyus”u ondan ibarətdir ki, guya Azərbaycan ordusuna Suriyadan olan muzdlular cəlb olunub. Bunu birbaşa və qərəzli olaraq erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində durmadan dövr etdirir. Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı mövcuddur. Daha dəqiq ifadə etsək, 2 milyon əhalisi olan Ermənistana qarşı vuruşan 10 milyon əhalidən və onminlərlə ehtiyatda olanlardan ibarət gücə malik Azərbaycanın buna ehtiyacı belə yoxdur. Suriyadan və Livandan olan terrorçuları Dağlıq Qarabağda yerləşdirərək beynəlxalq hüquq normalarını, habelə Cenevrə Konvensiyasını kobud şəkildə pozan, məhz Ermənistanın özüdür ki, bu cür “feyknyus”lar yaymaqla öz əməllərini malalamağa cəhd edir.Ən önəmli məsələlərdən biri də iki xalq arasındakı uçurum qədər dərin olan fərqdir. Belə ki, bu gün Ermənistanda gənclər ordudan yayındığı və yaxud da postları qoyub qaçdığı halda, hər bir Azərbaycan gənci orduya könüllü yazılır, valideynlər övladları ilə qürur duyur, onları “Vətən sağ olsun” deyərək cəbhəyə yola salır, Azərbaycanda yaşayan və dünyaya səpələnən həmvətənlərimiz Ali Baş Komandana və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirir, Qarabağ eşqi ilə yaşayır.Ermənistanın illərdən bəri özünün işğalçı siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı guya münaqişənin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin öz müqəddəratını təyin etmə uğrunda mübarizəsi olduğu, Ermənistanın münaqişə tərəfi olmadığı, bu ölkənin Dağlıq Qarabağ əhalisini müdafiə etdiyi kimi qondarma tezislər tamamilə iflasa uğramışdır. Münaqişə zonasında son günlər baş verən hadisələr Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin irqçilik və etnik ayrı-seçkilik əsasında yaradılmış oyuncaq struktur olması əyani şəkildə sübut olunub. Özünün hərbi və informasiya müstəvisində ağır məğlubiyyətlərini kompensasiya etmək məqsədilə Ermənistan Azərbaycana qarşı böhtan xarakterli yeni iddiaları tirajlamağa uğursuz cəhd edir.

Azərbaycana qarşı təxribat hücumlarını yeniləyən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir. Havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini davam etdirməklə, özünü necə rəzil duruma saldığını bir daha göstərdi. Ermənistanı dəstəkləyən ölkələr işğalçının, haqsızın yanındadırsa, Azərbaycanın tərəfində olanlar, işğala məruz qalanın, haqlı tərəfin yanındadır. Ermənistan bu ilin iyul ayından bir neçə dəfə təxribatlar törədib. İyulun 12-dən 16-dək Tovuz istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin hücumu nəticəsində dinc sakinlər və hərbi qulluqçularımız qətlə yetirilib. Ardınca avqustun 23-də Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı və düşmənin Azərbaycana qarşı terror həyata keçirmək planları ifşa olunub. Daha sonra Azərbaycanın işğal altındakı ərazilərində Suriyadan gətirilən erməni ailələri yerləşdirilməklə qeyri-qanuni məskunlaşdırma siyasəti aparılıb. Bütün bu sadalananlar Ermənistan rəhbərliyinin planlı şəkildə təhrikçi bəyanatlarının və fəaliyyətinin davamıdır. Düşmənin növbəti təxribatı zamanı bu dəfə də mülki insanların sıx şəkildə yaşadığı məntəqələri və obyektləri intensiv şəkildə atəşə tutmasına daha dözmək mümkün olmadı. Ümumiyyətlə, işğalçı Ermənistan illərdir ki, mülki əhalini qəsdən hədəfə almaqla beynəlxalq hüquq normalarını açıq-aşkar kobudcasına pozur. Bu, həmçinin işğalçının 1949- cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarının və onların əlavə protokollarının ciddi şəkildə saymazlığı deməkdir. Belə təxribatlar bütövlükdə BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə də hörmətsizlik kimi dəyərləndirilməlidir.

 Bütün bəşəri mədəniyyət nümunələrinə, o cümlədən İslami dəyərlərə daim önəm verən Azərbaycan Prezidenti ermənilərin işğal etdikləri qədim türk torpaqlarında dini ibadət yerlərinin təhqir edilməsindən ciddi şəkildə narahat olaraq xalqa bildirib: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”.

Fikrimizcə, dövlət başçımızın xalqa müraciətinin əsas qayələrindən biri də odur ki, beynəlxalq aləm Ermənistanı məhz Ermənistan kimi – yəni terrorçu, təxribatçı, separatçı, işğalçı, İslam düşməni, insan düşməni, uşaq qatili, mədəniyyət düşməni kimi tanısın və hamı bilsin ki, Azərbaycana ərazi iddialarından əl çəkməyən bu vandallar regiondakı sülhün və inkişafın qatı düşməni olduqlarını gizlətmirlər. Ermənilər özgə torpaqlarına görə hər cür namərdlik etməkdən və qan tökməkdən əl çəkmirlər: “ Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır… BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir”.

Bu gün Qarabağ münaqişəsinin məhz bu duruma, bu həddə gəlib çatmasında birbaşa “rolu” olanlar – BMT, ATƏT və həmsədrlər,  ancaq öz maraqlarını güdərək 30 ildir ki, pozulmayan sükut sərgiləyirlər. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını birmənalı pisləyən, onun işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri icra edilməmiş, yerinə yetirilməmişdir. 1992-ci ildə ATƏT-in Minsk Konfransının (sonradan Minsk qrupuna çevrildi) yaradılmasına, ona münaqişənin sülh və danışıqlar yolu ilə həllində vasitəçilik missiyasının etibar edilməsinə, 1997-ci ildə Rusiya, Fransa və ABŞ-ın iştirakı ilə həmsədrlər institutunun təşkil edilməsinə baxmayaraq, bugünədək münaqişə həll olunmamışdur. Görəsən, bunları etməyə gücləri çatmamışdır, yoxsa seyrçi mövqedən çıxış etmək daha əlverilşi idi.  Aydındır ki, öz qərarlarına və missiyalarına obyektiv yanaşsaydılar, bir çox hallarda da işğalçını növbəti işğala stimullaşdıran, iştahlandıran davranışlara yol verməsəydilər, münaqişənin çoxdan ədalətli həlli tapılardı, sülh və əmin-amanlıq bərqərar olardı.

Yeri gəlmişkən, dövlət başçımız bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən də ciddi narazı olduğunu Azərbaycan xalqının diqqətinə çatdırdı: “Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara – məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

Dövlət başçısı həm daxili auditoriyada əminlik, inam və ümid yaratmaq üçün, həm də Ermənistana himayədarlıq edən ikili standart müəlliflərinə mesaj göndərmək məqsədilə müraciətini konkret və qətiyyətli notlarla başa vurur: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Yaqut Ağaşahqızı,”İki sahil”