05 may 2020 10:37
985

Biz həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də iş adamlarına

Dövlətimizin başçısı İlham Əliyevin “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı pandemiya dövründə sahibkarlığın inkişafına yönələn addımların tərkib hissəsi kimi dəyərləndirilir

Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə “O ki qaldı pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu əminliyi şərtləndirən amilləri də diqqətə çatdırmışdır.

2018-ci ilin prezident seçkilərindən sonra dövlətimizin başçısı keçirilən andiçmə mərasimindəki çıxışında inkişafımızın və islahatların bütün istiqamətlərini açıq-aydın göstərmişdir. 2019-cu il ölkə tarixinə dərin sosial islahatlar ili kimi yazıldı. Diqqət yetirsək görərik ki, bütün sahələrdə, o cümlədən hakimiyyətin icra, qanunvericilik, məhkəmə-hüquq sistemində təkmil islahatlar həyata keçirildi. Cənab İlham Əliyevin təsdiqlədiyi iki sosial paket əsasında 4 milyondan artıq insanın sosial müdafiəsi gücləndirildi. Müxtəlif sahələrdə çalışanların əməkhaqları, sosial müavinətlər artırıldı. Sosial siyasətin tərkib hissəsi olaraq öz doğma yurd-yuvalarından qaçqın və digərgin düşmüş soydaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə onlara verilən aylıq müavinətin miqdarı artırıldı. Əlillər və Qarabağ müharibəsi veteranları da bu qayğıdan kənarda qalmadı. Bütün bunlar dövlətin iqtisadi imkanlarının genişlənməsi əsasında insan amilinə dəyərdən irəli gələn addımlardır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan videokonfrans şəklində müşavirədə məhz bu uğurlara, eyni zamanda, cari ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə söykənərək 2020-ci ilin də çox dərin və geniş islahatlar ili olacağını bildirmişdir. Təbii ki, əgər koronavirus pandemiyası müdaxilə etməsəydi, uğurlarımız daha da böyük həcmli olardı. Lakin pandemiya dövründə də iqtisadi və sosial islahatlar davamlılığı ilə diqqət çəkir. Məqsəd insanların sağlamlığının təmin olunması ilə yanaşı, sosial rifahın möhkəmləndirilməsidir.

Koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqət mərkəzində olması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə etməklə 10 yardım proqramını özündə birləşdirir. Cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda sahibkarlığın inkişafına xüsusi diqqət yönəltməsi, iş yerlərinin bağlanmaması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verməsi və bu tapşırıqlar əsasında təsdiqlənən yardım proqramlarında sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin prioritetliyi bir daha təsdiqləyir ki, Azərbaycan hökuməti hər zaman olduğu kimi, bu gün də onların yanındadır, pandemiyadan zərər görməmələri üçün zəruri addımlar atır. Bu məqsədlə ölkə Prezidentinin Sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı, dörd işçi qrupu yaradıldı. Bu işçi qruplarının vəzifəsi məşğulluq məsələlərini həll etmək, iqtisadi sabitliyi təmin etmək, makroiqtisadi vəziyyəti sabit saxlamaq və maliyyə imkanlarını səfərbər etməkdir. Bu addımlar dövlətimizin başçısının “Biz mütləq həm xəstələrə sahib çıxacağıq və çıxırıq, həm də ki, iş adamlarına” fikirlərinin reallıqda təsdiqidir. Cənab İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizənin ilk günündə qarşıya bu tələbi qoymuşdur ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər.

Bu kimi addımların davamı olaraq pandemiya bitəndən sonra tətbiq olunması nəzərdə tutulan yeni iqtisadi modeldə kənd təsərrüfatı, tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm və emal sənayesi iqtisadi siyasətin əsas prioritetləri olacaq. Dövlətimizin başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən nazir qeyd etmişdir ki, Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində bir sıra layihələr hazırlanır. Onlar paket çərçivəsində təqdim ediləcək.

Pandemiya ilə mübarizənin dərinləşdiyi dövrdə Azərbaycan hökumətinin təqdim etdiyi iqtisadi və sosial paket neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkəmizin kifayət həcmdə maliyyə resurslarına malik olduğunu bir daha təsdiqləyir. Bu imkanlar, eyni zamanda, dövlətin sahibkarlara maliyyə dəstəyini göstərməsi bu fikri böyük inamla söyləməyə əsas verir ki, yaranmış vəziyyətdə biznes ictimaiyyətinin daha xoş ovqatda olması üçün ciddi əsaslar vardır.

Sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri infrastruktur layihələrinin uğurlu icrasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Dövlətimizin başçısı İlham Əliyevin pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda bu və ya digər bölgələrdə yol infrastrukturunun, su xətlərinin yenilənməsi ilə bağlı sərəncamları, bu sənədlər əsasında xeyli məbləğdə vəsaitlərin ayrılması da sahibkarlığın inkişafının prioritetliyinə işıq salır. İnfrastrukturun yaradılması ilə yanaşı, sahibkarlara güzəştli kreditlər verilir. Fermerlər torpaq vergisi istisna olmaqla vergilərdən azaddırlar. Bu diqqət və qayğının qarşılığında sahibkarların qarşısına tələblər qoyulub: Dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər... Bölgələrdə sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverişli şərait yaradılırsa, vergitutma bazası bir o qədər genişlənir və sosial-iqtisadi məsələləri həll etmək üçün əlavə maliyyə mənbələri yaranır.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir. Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında, həmçinin bu günlərdə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam da bu məqsədə xidmət edir. Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün cari ildə də sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdiriləcək.

Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişafı öz prioritetliyini qorumuş və cari ildə də bu işlərin davam etdiriləcəyi vurğulanır. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırır. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Ötən il ölkə üzrə 33 rayonu əhatə edən 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər görülmüşdür. Bu layihələrin icrası sayəsində bölgələrdə minlərlə yeni iş yeri yaradılacaq.

Prezident İlham Əliyevin 30 aprel 2020-ci il tarixli “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı qarşıya qoyulan bu kimi məqsədlərin icrasına yönəlib. Sənəddə vurğulandığı kimi, son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alınaraq respublikaya gətirilib. Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilib, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılıb. Sərəncama əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Göründüyü kimi, ölkəmizdə aparılan islahatların, görülən işlərin, məşğulluq və sosial dəstək tədbirlərinin miqyası geniş və çoxşaxəlidir. Bu islahatlar, həyata keçirilən tədbirlər ümumilikdə Azərbaycanın istər pandemiya dövründə, istərsə də ondan sonrakı mərhələdə dayanıqlı inkişafı barədə aydın təsəvvür yaradır.

Yeganə Hadıyeva, “İki sahil”