05 oktyabr 2020 19:02
1087

Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq

Dövlətimizin başçısı İlham Əliyev “Əl-Cəzirə”  və “Əl-Ərəbiyə” televiziya kanallarına  müsahibələrində bir daha bu əminliyi ifadə etmişdir ki,  uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaq

Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından bu günədək öz nəticəsini vermir. Ermənistan rəhbərliyi hər zaman müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınır, dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün Azərbaycanı təqsirləndirir və bildirir ki, guya ölkəmiz sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil. Amma real olan budur ki,  işğalçı dövlət yeni ərazilər naminə müharibə planı hazırlayır,  «Qarabağ Ermənistandır» bəyanatını səsləndirməklə, eyni zamanda, qondarma «Dağlıq Qarabağ respublikasında qondarma seçkiləri keçirməklə, qondarma rejimin qondarma rəhbərinin Şuşada  «andiçmə» mərasimini təşkil etməklə, həmçinin bu ərazilərdə süni məskunlaşma  siyasətini  həyata keçirməklə  bu ərazilərin onlara məxsus olduğunu,  eyni zamanda,  Dağlıq Qarabağın müstəqil qurum kimi fəaliyyət göstərməsi barədə rəy yaratmaq istəyini ortaya qoyur. N.Paşinyanın iki  il bundan öncə hakimiyyəti  ələ keçirdikdən sonra  populist  vədlərlə əhalini ələ almaq cəhdi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində yeniliklərin olacağı barədə söylədiklərinin sonrakı dönəmdə  yalınz və yalnız söz xatirinə deyilən fikir olduğunu təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev “Əl-Cəzirə”  və “Əl-Ərəbiyə” televiziya kanallarına  müsahibələrində, eyni zamanda, Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. «Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki,  vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki,  30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmir.  Biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik.

    Azərbaycan Ordusu bu gün tariximizə qələbə səhifələrini yazır. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nümayişidir.   Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində atılan davamlı addımlar öz uğurlu nəticəsini verir. 2016-cı ilin Aprel döyüşlərinin, 2018-ci ilin Naxçıvan qələbələrinin sırasına  27 sentyabrdan başlanan uğurlarımız da  yazılır. Bu tarixdə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə  hücumlarına cavab olaraq Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində neçə yaşayış məntəqəmiz işğaldan azad olundu. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaq: «Otuz ilə yaxın davam edən işğala son qoyacaq!  Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu qələbələri ilə təsdiqləyir. Bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaq.»

  Əvvəldə də qeyd etdiyimiz kimi,  Ermənistanın baş naziri Nikol Paşinyan ilk gündən danışıqların  formatını dəyişməyə, Dağlıq Qarabağı tərəf kimi danışıqlara cəlb etməyə çalışsa da Azərbaycan tərəfinin sərt münasibəti ilə üzləşdi. İşğalçı dövlət illərdir Dağlıq Qarabağı gah Ermənistanın ərazisi, gah da  müstəqil qurum kimi dünyaya tanıtmağa cəhd göstərir. Nikol Paşinyanın son hadisələrdən sonra parlament nümayəndələri ilə görüşündə səsləndirdiyi bəyanatlarda da bu istəklər öz əksini tapmışdır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibələrlə yanaşı,   BMT-nin yubiley tədbirində,   Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən, 27 sentyabrda ermənilərin hərbi təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində, sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında da   Ermənistanın Azərbaycana  qarşı təxribatlarına əsas verən məqamları diqqətə çatdırmış və xüsusi vurğulamışdır ki, bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Onu da qeyd edək ki,  “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar,  bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu. Bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

      Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından erməni yalanlarını faktlar əsasında ifşa edir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir. İşğalçı Ermənistan hər zaman fakt qarşısında acizliyi ilə diqqət çəkib. Ötən il Azərbaycanın   BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi mühüm diplomatik uğurumuz oldu. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» Bəyanatı, həmçinin  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi Azərbaycanın xarici siyasət uğurlarının təqdimatı olmaqla yanaşı, dövlətimizin dəyişməz mövqeyinin açıqlanmasında da yardımçı oldular.   Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu günbəgün  artırır. Dövlətimizin başçısı İlham Əliyev  hər bir çıxışında, bəyanatlarında  bildirir ki,  danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.
       «Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var» söyləyən dövlətimizin başçısı İlham Əliyev daim Azərbaycanın uğurları fonunda bu əminliyi də  ifadə edir ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

    Azərbaycan tərəfi daim  məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduğunu önə çəkərək danışıqların aparılmasında maraqlı olduğunu nümayiş etdirib. Lakin bu bəyanat da səsləndirilir ki, danışıq xatirinə danışıqlarda iştirak etmək fikrində deyilik. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan    ATƏT-in Minsk qrupunun tərkibində dəyişikliklərin edilməsi bugünümüzün əsas çağırışları sırasındandır. Düşünmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın son təxribatlarından, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarından nəticə çıxarıb sözün əsl mənasında vasitəçiliyin nə olduğunu dərk etmək məcburiyyətində qalacaqlar. 

  Dövlətimizin başçısı İlham Əliyev hazırkı dövrdə cəbhə bölgəsində döyüşlərin dərinləşdiyi bir zamanda danışıqların davam etdirilməsi ilə bağlı təklif edilərsə,  Azərbaycanın yalnız  bir şərt irəli sürəcəyini bəyan edir: - Ermənistan silahlı birləşmələri   işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmalıdır. Həmçinin danışıqlara geri qayıtmaq üçün  Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməli və belə olan halda  savaşı dayandırmağa hazırıq. Cənab İlham Əliyev bildirir ki, əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik.

  Göründüyü kimi, Azərbaycan dövləti atdığı addımda israrlıdır, qətidir, artıq kağız üzərində qalan bəyanatlara inanıb gözləmək haqqında düşünmür. Rəsmi Bakının bu bəyanatları işğalçı dövlətlə yanaşı, ona havadarlıq edənləri də ciddi düşündürməli, sülh danışıqlarının davam etdirilməsi üçün Ermənistanın qarşısında müəyyən tələbləri qoymaqla bərabər, onları icra etmək üçün mexanizm müəyyənləşdirməlidir. Azərbaycan dövləti yenidən nəticəsiz danışıqlara qayıtmaq barədə düşünmür. İşğalçı dövlət havadarlarına, nüfuzlu beynəlxalq təşkilatlara üz tutub kömək üçün yalvarmaqdansa, məsələyə ədalətli yanaşıb işğal altında olan torpaqlarımızı qeyd-şərtsiz azad etsə daha yaxşı olar: «Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq.»

 Yeganə Əliyeva, «İki sahil»