06 iyul 2020 18:10
1485

Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq

Azərbaycan hakimiyyəti COVID-19-a qalib gəlmək üçün çevik və bütün istiqamtlər üzrə ciddi tədbirlər həyata keçirir

Dünyada koronavirus infeksiyası yayıldığı vaxtdan Azərbaycan dövləti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, ölkəmizin hərtərəfli inkişafını, insanların sağlamlığını, təhlükəsizliyini təmin etmək üçün görüləcək işlərin xronologiyasını açıqladı, həmin istiqamətdə atılacaq addımların, həyata keçiriləcək islahatların daha da dərinləşdirilməsinin vacibliyini bildirdi.

Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə edir:- Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin güsləndirilməsi ilə bağlı məsələlərin həlli, vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi.

İlk gündən vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından az itki ilə çıxmaq üçün zəruri addımlar atılır. Ümumbəşəri bəlanın xəstəliklə bağlı olduğunu nəzərə alsaq, mübarizədə diqqət çəkən əsas məsələ hər bir dövlətin səhiyyə sisteminin mövcud çətinliklərin aradan qaldırılmasına hansı şəkildə hazır olmasıdır. Hökumətin intensiv və düzgün fəaliyyəti nəticəsində qısa müddətdə səhiyyə infrastrukturumuz koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti əlaqələndirildi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Bu mühüm addım tədbirlərin sistemli həyata keçirilməsini şərtləndirdi. Bu baxımdan ki, tətbiq olunan karantin qaydalarına necə əməl olunmasından asılı olaraq yumşalmalar və sərtləşmələr həyata keçirilir. Mübarizəyə başlandığı andan “Evdə qalaq” çağırışının reallıqda öz əksini tapması üçün sərt karantin rejiminin tətbiq olunması xəstəliyə yoluxanların sayının az olması ilə nəticələndi. COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi. Qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsi koronavirus xəstələrinin ixtiyarına verildi. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası səhiyyənin inkişafına və insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasındandır. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onların artıq beşi istifadəyə verilib. Ən müasir standartlara cavab verən laboratoriyalar alındı və qısa müddətdə onların sayı 26-ya çatdırıldı. Müsbət dinamika rejimin yumşaldılmasına rəvac verdi. Lakin bu yumşalmanı koronavirusun yox olması kimi qəbul edən insanların məsuliyyətsizliyi ucbatından yoluxma hallarında artım başladı.

Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır. “Bizim cəsarətli tibb işçilərimizə - həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər” söyləyən Mehriban Əliyeva bildirir ki, çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir.

Sağlamlığımızın keşikçiləri olan həkimlərimiz öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər. Dövlətimizin başçısı İlham Əliyevin Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək, Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: “Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.” Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın küçələrində yerləşdirilən reklam lövhələrində həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. “Eşq olsun Azərbaycan həkimlərinə!”, “Evdə qalaq həkimlərə dəstək olaq!” kimi çağırışların yer aldığı həmin təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin səyləri nəticəsində koronavirus pandemiyasına qarşı mübarizədə qalib olacaq, bu sınaqdan az itki ilə çıxacağıq.

Ümumilikdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistkaya diqqət yetirsək, görərik ki, 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir, yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub. Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur.

Təhsil müəssisələrinin, bağçaların, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, sərt karantin rejimində 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağaların qoyulması da həkimlərimizə dəstəkdən, insanların sağlamlığına verilən önəmdən qaynaqlanan addımlar idi. Bu yaşda olan vətəndaşlarımız virusa yoluxmağa daha riskli qrup kimi diqqətə alındı. Ümumdünya Səhiyyə Təşkilatı, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən insanların vacib olmadığı təqdirdə evlərindən çıxmaması bu gün də tövsiyə olunmaqdadır. Çünki bir nəfərin xəstəliyə yoluxması ümumilikdə ailəsinin, doğmalarının, ətrafındakı insanların yoluxmasına yol açır. Vətəndaşlara bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi çoxalmaz, əhatə dairəsi genişlənməz. Dövlətimizin başçısı ilk gündən “Biz nə etməliyik” sualı ətrafında fikirlərini açıqlayaraq bildirdi ki, qaydaların pozulmasına imkan verə bilmərik: “Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.”

Karantin qaydalarının günün tələblərinə uyğun olaraq sərtləşdirilməsində də əsas məqsəd insanların sağlamlığının təminatı, bu məqsədlə onların evdə qalmaları üçün tədbirlərin miqyasını genişləndirməkdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, xaricdən gələn soydaşlarımız, həmçinin tələbələr 14 günlük karantin rejiminə yerləşdirildi. Onlar tibbi müayinədən keçirilir, sonra evlərinə buraxılırlar. Karantin rejimi əsasən beşulduzlu otellərdə, turizm mərkəzlərində həyata keçirilir.

Vacib və əhəmiyyətli addımlardan biri kimi dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını qeyd etməliyik. Ölkə Prezidentinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir illik əməkhaqlarını həmin fonda keçirmələri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Sahibkarlar, ayrı-ayrı dövlət qurumları, o cümlədən sadə insanlar fonda ianələr köçürdülər. Dövlətimizin başçısı İlham Əliyev “Yeni klinika” tibb müəssisəsinin açılışında bu mühüm məqamı xüsusi qeyd etmişdir: “Eyni zamanda, adi insanlar da imkan daxilində öz dəstəyini göstərirlər. Mənə müntəzəm olaraq məlumat verilir. Elə adam var ki, bir manat köçürür. Ona “Çox sağ ol!” deyirik. O da öz vətəndaşlıq borcunu yerinə yetirir. Deməli, onun imkanı buna çatır. Bu, bir daha göstərir ki, biz, - mən bunu demişəm, bir daha demək istəyirəm, - böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.”

Göründüyü kimi, dövlət dəstəyi, dövlət-vətəndaş birilyi, səhiyyə sisteminin inkişafı, həkimlərimizin yüksək məsuliyyəti koronavirus pandemiyasına qarşı mübarizədən az itki ilə çıxacağamıza inamı daha da artırır.

Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışını qeyd etməliyik. Bu baxımdan ki, sağlamlığımızın təminatı, virusa yoluxmanın qarşısının alınması üçün vacib amillərdən biri tibbi maskalardan istifadə edilməsidir. İlk əvvəllər maska çatışmazlığı ölkəmiz deyil, dünya üçün problem oldu. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq çox qısa zamanda, təxminən iki həftədə ölkəmizdə maska istehsalına başlanılması təqdir olunan addımlar sırasındandır.

Dövlətimiz hər zaman olduğu kimi, bu gün də həkimlərimizin əməyini yüksək dəyərləndirir. Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı da bu tərkibdəndir. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə əsasən, işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” Qərarında onlara 2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu.

“Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm” söyləyən dövlətimizin başçısı İlham Əliyev koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasını dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı xüsusi qeyd edir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.

Müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğu və bir çox Avropa ölkələrini qabaqladığı bildirilir. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Cənab İlham Əliyev bu çağırışı edir ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür. İnsanlar məsuliyyətli olmalı, nizam-intizamı, qaydaları pozmamalı, özlərini, yaxınlarını qorumalıdırlar.

Yeganə Əliyeva, “İki sahil”