07 iyul 2020 10:09
2591

Biz özümüzü reallığa uyğunlaşdırmalıyıq

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın əsas strategiyası yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır

Pandemiya dövrünün reallıqları sırasında videoformat şəklində konfransların keçirilməsi xüsusi diqqət çəkir. Bu kimi addımlar Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olmasını təsdiqləməklə yanaşı, heç bir çətinliyin bu və ya digər sahələrdə görülən işlərə mane olmadığını ortaya qoyur. Bu günlərdə Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşlərinin keçirilməsi də bunu bir daha təsdiqləyir.

Dövlətimizin başçısı İlham Əliyev həmin görüşdə bir daha bu reallığa diqqəti yönəltmişdir ki, Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. Bu əminlik ifadə edilmişdir ki, keçirilən üçtərəfli görüşün nəticələri uğurlu olacaq, regional əməkdaşlığa və iqtisadi inkişafa böyük töhfə verəcək.

Pandemiyanın tələblərinə uyğun olaraq cari il üçün nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsini təmin etmək məqsədilə zəruri görüşlərin videoformat şəklində təşkili ölkəmizin yeni texnologiyalar sahəsində malik olduğu imkanların təqdimatında da əhəmiyyətli rol oynayır. Bu məsələyə diqqət yönəltmədən öncə dövlətimizin xarici siyasət uğurlarına diqqət yetirmək istərdik. Bu baxımdan ki, uğurlu addımları ilə regional əməkdaşlığın inkişafına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə böyük stimul verən Azərbaycan hər bir ölkənin pandemiyadan zərər çəkən iqtisadiyyatını inkişaf etdirmək istiqamətində göstərdiyi səylərə dəstək verir, əməkdaşlıq əlaqələrinin yeni prioritetlərinin müəyyənləşdirilməsinə yol açır. Azərbaycan-Türkmənistan, Azərbaycan-Əfqanıstan əlaqələrinin bugünkü inkişaf səviyyəsindən geniş bəhs edən hər üç dövlətin prezidentləri postpandemiya dövründə görüləcək işlərin xronologiyasını açıqlamaqla irəli sürülən təkliflərə baxılacağına, lazımi göstərişlər veriləcəyinə, əməkdaşlıq əlaqələrini bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə etmişdilər. Təbii ki, COVID-19-un geniş vüsət aldığı, ölkələr üzrə yoluxma hallarının artdığı bir vaxtda belə formatlarda görüşlərin keçirilməsi, laızmi addımların atılması barədə ümumi fikrə gəlinməsi təqdirəlayiq haldır. Ən əsası Azərbaycanın tranzit ölkə kimi möhkəmlənən mövqeyi, bu sahədə malik olduğu imkanların biri-birindən əhəmiyyətli layihələrin icrasına yol açması ölkəmizin gələcək iqtisadi tərəqqisi barədə aydın təsəvvür yaradır. Məhz bu imkanlar Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə başladığı gündən bu bəladan az itki ilə çıxacağı barədə əminliklərin ifadə olunmasına rəvac vermişdir.

Pandemiya dövründə keçirilən videoformat şəklində konfranslarda “Azərbaycan əksər ölkələr kimi, texnologiyaları idxal edir. Ancaq bu texnologiyaları işlətmək, onları mənimsəmək, bu texnologiyalar əsasında yeni intellektual məhsul yaratmaq artıq kadr peşəkarlığından, kadr hazırlığından bilavasitə asılıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı bütün addımlarımız düzgündür. Pandemiya dövründə hər bir ölkənin yeni texnologiyaların inkişafı sahəsində malik olduğu imkanlar bir daha özünü qabarıq şəkildə büruzə verdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, pandemiya dövrü ölkəmizin informasiya texnologiyaları sahəsində mövcud imkanlarına bir daha aydınlıq gətirdi. Belə ki, karantin zamanı müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Digər işçilər isə “evdə qal” prinsipi əsasında fəaliyyətlərini onlayn həyata keçiriblər. Özünütəcrid şəraitində informasiya texnologiyaları olmadan iş görmək mümkün deyil. Dövlətimizin başçısı İlham Əliyevin pandemiya dövründə istər bu və ya digər dövlətin, beynəlxalq təşkilatın rəsmiləri, həmçinin dövlət məmurlarımızla görüşləri videokonfrans şəklində keçirilib. Ən əsası cənab İlham Əliyevin təşəbbüsü ilə iki böyük tədbir- Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri videokonfrans şəkilində təşkil olunub. Təbii ki, bunlar müasir texnologiyalar olmadan mümkün deyil. Cənab İlham Əliyev bir daha bildirmişdir ki, informasiya texnologiyaları bütün sahələrdə tətbiq edilməlidir. Bunlar gələcəyə doğru atılan addımlardır: “Biz gecikə bilmərik, yubana bilmərik, geciksək uduzarıq. Ona görə bütün resurslarımızı, o cümlədən maliyyə, intellektual və kadr resurslarımızı səfərbər etmişik. Əminəm ki, gələcək illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində liderlik mövqelərini daha da möhkəmləndirəcək.”

Dövlətimizin başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik. Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Bütün dövrlər üçün aktual olan bu çağırış da günümüzün əsas tələbidir: Gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Ölkə Prezidenti İlham Əliyevin təkcə son dövrlərdə təhsilin inkişafına xidmət edən addımlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələrin uğurlu icrası üçün zəruri addımlar atılır. Görülən işlərin, həyata keçirilən tədbirlərin bir məqsədi var: Yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağı artırılsın, ən əsası kadr hazırlığı iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırılsın. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir. Məhz bu addımlar pandemiya dövründə distant təhsilin yüksək nəticələrə yol açmasını şərtləndirdi. Karantin qaydalarına uyğun olaraq orta və ali təhsil müəssisələrində dərslərin dayandırılması heç də gənclərin tədris proqramından geri qalmalarına təsir göstərmədi. Yeni texnologiyaların yaratdığı imkanlar əsasında yaradılan şagird-müəllim, tələbə-müəllim əməkdaşlığı tədris proqramının mənimsənilməsini təmin etdi.

Dövlətimizin başçısı İlham Əliyev hər zaman ölkənin inkişafında yeni texnologiyaların rolunu önə çəkib, onların tətbiqi və inkişafı üçün kadrların yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın uğurlu icrası da uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələbə çevirir. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkişafına, tərəqqisinə öz töhfələrini verirlər.

Dövlətimizin başçısı İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, “Signify,” “Microsoft” və CISCO şirkətlərinin rəhbərliyi arasında keçirilən videokonfranslarda səslənən fikirlər də deyilənlərin real təsdiqidir. Ölkə Prezidenti CISCO şirkətinin rəhbərliyi ilə videoformatda görüşü zamanı bu əminliyi də ifadə etmişdir ki, strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək: “Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür.” Keçirilən videokonfranslarda təhsil məsələsinə də xüsusi diqqət yönəldilib: “Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi.” “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq bildirmişdir ki, komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram. Qurum rəsmisi digər ölkələrlə müqayisədə bildirmişdir ki, bir sıra ölkələrdə üzləşdiyimiz problem ondan ibarətdir ki, evlərdəki qurğuların sayı məhduddur: “Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompyuterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir.”

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. “İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2020-ci il də dərin islahatlar ili kimi tarixə yazılacaq. Pandemiyaya qarşı mübarizə tədbirlərinin geniş vüsət aldığı indiki dövrdə ölkəmizin bu və ya digər sahələrdə inkişafı ilə bağlı səsləndirilən əminliklər təbii ki, möhkəm təmələ, eyni zamanda, bütün sahələr üzrə təkmil Dövlət proqramlarının mövcudluğuna və uğurlu icrasına əsaslanır. Azərbaycan dövlətinin postpandemiya dövrü ilə bağlı inkişaf modeli çoxşaxəli və qürurvericidir.

Yeganə Əliyeva, “İki sahil”