22 yanvar 2020 20:26
1341

Biz yenə də qələbə qazanacağıq

YAP Beyləqan rayon təşkilatı fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi üzrə YAP-ın namizədi  Şahin İsmayılovun təbliğat-təşviqat kampaniyasını davam etdirir. Yanvarın 22-də Şahin İsmayılovun Beyləqan rayonunun Birinci Şahsevən, Mil və Əmirzeydli kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, Şahin İmsayılov beyləqanlılar üçün doğma insandır. Onun Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub.  İnanıram ki, beyləqanlılar bu seçkidə də partiyamızın namizədini yekdilliklə dəstəkləyəcəklər.

Şahin İsmayılov seçicilərlə görüşündə bildirib ki, geridə qoyduğumuz 2019-cu il respublikamızda ictimai həyatın bütün sahələrində əsaslı və uzunmüddətli inkişafa, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə hesablanan uğurlu islahatlarla əlamətdar oldu: «Ötən ilin dekabr ayında partiyamızın Siyasi Şurasının növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü də məhz belə bir şəraitdə, ölkədəki uğurlu islahatlara qanunvericilik bazasının da effektiv qoşulması ilə bağlı verilmiş qərar idi. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası bir çox gənc, aktiv və yaradıcı insanların namizədliyini irəli sürüb. Bu ölkədə gedən geniş islahatlar baxımından olduqca önəmlidir və mənə də yenidən bu etimadı göstərdikləri üçün partiya rəhbərliyinə çox minnətdaram. Göstərilən bu etimad qürur hissi ilə yanaşı, böyük məsuliyyət hissi də yaradır. İndi mən daha çox çalışmalı, Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmalıyam. Eyni zamanda siz beyləqanlılar əgər yenidən mənə etimad göstərsəniz rayonun daha da inkşafı üçün, insanların problemlərinin həlli üçün yeni imkanlar qazanacam.  Bir sözlə, çox istərdim ki, gələcək illərdə ölkəmizin inkişafında və əhalinin maraqlarının qorunmasında mənim də töhfəm olsun.»

Görüşlərə qatılan ziyalılar və gənclər çıxışlarında birmənaalı olaraq Şahin İsmayılova səs verəcəklərini bildiriblər.

Elçin Zaman, «İki sahil»