06 oktyabr 2020 18:12
1020

Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur

Fransanın prezidenti Emmanuel Makron dövlət başçımız İlham Əliyevin bu sözlərindən nəticə çıxarmalı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli  mövqeyini ədalət qanunları ilə tənzimləməlidir

Ötən günlərdə televiziya ilə xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda   Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq hüquqa əsaslandığını bildirən Prezident İlham Əliyev işğala məruz qalan ölkəmizin  haqlı tərəf  olduğunu  «Biz  bizə mənsub olanı istəmişik» sözləri ilə dünya  ictimaiyyətinə çatdırdı.  Müraciətdə deyildiyi kimi  Azərbaycanın başqasının torpağında heç vaxt gözü olmayıb. Amma məsələyə ikili standartlardan, antimüsəlman mövqeyindən yanaşan  beynəlxalq təşkilatların, xüsusilə  ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin birtərəfli yanaşması faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. «Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  Ermənistana  loyal  yanaşmanın nəticəsində  təcavüzkar daha da azğınlaşdı,  ərazi zəbt etmək tamahı, iştahası artdı.

Ermənistanın baş naziri cəfəng fikirləri ilə danışıqların formatını dəyişməyə cəhd etdi, tarixi saxtalaşdıraraq, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı.

«Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin» söyləyən Prezident İlham Əliyev xəbərdarlıq edirdi ki, güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq.

Belə də oldu.  Otuz il aparılan danışıqlarda sülh prinsipinə sadiq qalan Azərbaycanın haqq, ədalət səsi eşidilmədi. Şuşada qondarma rejimin başçısı özünə «andiçmə» mərasimi” keçirdi. Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada, Cıdır düzündə rəqs etdi.

Qondarma «Dağlıq Qarabağ respublikası»”nın parlamentinin Şuşaya köçürülməsi iddiaları  səsləndirildi.  Livandan, başqa yerlərdən  gələn ermənilər Dağlıq Qarabağda   məskunlaşdırıldı. BMT-yə, ATƏT-ə, Avropa İttifaqına, başqa təşkilatlara ermənilərin bu cür qeyri- qanuni gedişləri ilə bağlı  dəfələrlə  rəsmi qaydada xəbərdarlıq edilsə də, yenə də ermənipərəstlik  mərəzi özünü göstərdi. « Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu  bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!» söyləyən Prezident İlham Əliyev Ermənistanı həmişə dəstəkləyən tərəflərin bu gün də eyni mövqedə dayanmasını terrora, separatçılığa  «yaşıl işıq» kimi dəyərləndirir və işğalçını dəstəkləyənlərə  etirazını bildirir: «İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!»

ATƏT- Minsk qrupu həmsədrlərinin Ermənistan silahlılarının Azərbaycanın mülki əhalisini hədəfə almasını « görməməsi»,  Xocalı soyqırımını  biganəliklə izləyənlərin bu gün də  səssiz qalması islamofobiya  yaradan  qüvvələrin müsəlman  aləminə qarşı təxribat kampaniyasının davamıdır.

Bu  təxribatın aparıcı tərəfi isə  ATƏT- in Minsk qrupunun həmsədrlərindən biri Fransadır. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən separatçını dəstəkləyən  Fransa  Azərbaycan  Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında əks-hücum əməliyyatları başladığı gündən  Ermənistanla həmrəyliyini açıq şəkildə bildirir. Son günlərdə Makronun Paşinyanın başına sığal çəkməsi Fransanın Ermənistana simpatiyasının yeganə  nümunəsi deyil. Daşnak  xəyanətinin nəticəsi olan 1915-ci il hadisələrini  «erməni soyqırımı» kimi ilk tanıyan  Fransa sonrakı illərdə də  dünya türklərinə qarşı  barışmaz mövqeyini bildirmişdir. Fransada «erməni soyqırımı»nı tanımayanlar haqqında cəzanın tətbiqi,  başı bağlı  müsəlman qadınlarının məktəblərdən təcrid olunması, onların ictimaiyyət arasında görünməsinə qoyulan qadağalar Avropanın mədəniyyət mərkəzi sayılan Fransa «demokratiyasının» iç üzünü göstərir. Fransada Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətində iştirak edən Emmanuel Makron seçkiqabağı təşviqat kampaniyasında ermənilərə  Fransanın təqviminə  qondarma «erməni soyqırımı» ilə bağlı  anım gününün əlavə ediləcəyi vədini vermişdi.  

«Ağıllı səfeh» Paşinyana simpatiyasını bu gün də bildirən  Makronun birtərəfli mövqeyi,  səsləndirdiyi  əsassız bəyanatlar vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Fransa Prezidentinin  türk dünyasına, müsəlman aləminə qarşı  qeyri- səmimi münasibətini tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi,  öz  tarixini bilməyən Makronun dünyada baş verən hadisələr haqqında fikir bildirməsi absurddur.

ATƏT-in Minsk qrupunun həmsədr dövləti Fransaya  vasitəçilik missiyasının həvalə olunması belə   ədalətsizliyin beynəlxalq səviyyədə dəstəklənməsidir. Münaqişə  tərəflərinə yanaşmada ədalət qanunlarına əməl etməyən, balansı pozan  Makronun erməni sevgisi qarşıdan gələn seçkilərlə  sıx bağlıdır. Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini , mahiyyətini anlamayan Makronu düşündürən  tökülən qanlar deyil,  seçkilərdə qalib gəlmək üçün Fransadakı erməni seçicilərinin səsini qazanmaqdır.

Makron unutmamalıdır ki, Fransada  erməni əsilli sakinlərlə birlikdə  səsvermə hüququna malik çoxsaylı müsəlman seçicilər də yaşayır.  Görünür Fransanın ötən yüzillikdə  Əlcəzairdə, başqa müsəlman ölkələrində apardığı  talançılıq siyasəti nəticəsində qətlə yetirilən,  yüzminlərlə müsəlmana qarşı göstərilən ədalətsizlik bu gün dini radikalizm  prinsipləri ilə davam etməkdədir.  Dünyada  ksenofobiyanın,  islamofobiyanın, radikalizmin çiçəkləndiyi bir məqamda  münaqişələrə dini ayrı-seçkilik baxımından yanaşma vasitəçilik missiyasını yerinə yetirən dövlətə başucalığı gətirmir. Saxta informasiyalara əsasən  Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti əks etdirməyən açıqlamaları ilə ədalət qanunlarına xələl gətirən   Makronun  terroru, işğalçını dəstəkləməsi,  onun  hadisələri təhlil edib dəyərləndirmək  «bacarığı», dövlət başçısı, siyasətçi adı ilə  uyğun gəlmir. Halbuki, Azərbaycanın dövlət başçılarının, ulu öndər Heydər Əliyevin,  cənab İlham Əliyevin ilk xarici səfərlərinin Fransaya  gerçəkləşməsi iki dövlət arasındakı  əməkdaşlığın tarixi köklərinə əsaslanır. Heydər Əliyev Fondu  layihələri ilə Fransadakı tarixi abidələrin bərpa və yenidənqurulması prosesində fəal iştirak edir.

Cənubi Qafqazda ilk fransız məktəbi Azərbaycanda təşkil olunub. Belə ki,  Makronun işğalçını dəstəkləmək cəhdi Fransanın  gələcəyinə də zərbə vurur. Ancaq Prezident İlham Əliyevin  «Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri Makronun işğalçını dəstəkləmək cəhdindən daha inandırıcıdır.

Deyildiyi kimi, Azərbaycanın daha  30 il gözləməyə  nə vaxtı var, nə də səbri. Ermənistana kömək etmək istəyən Makrona tövsiyəmiz budur ki,  «humanistlik» edib  daha çox erməninin yaşadığı Fransada ikinci erməni dövləti təşkil etsin. Bu, seçim Makronun erməni sevgisinə, «ədalətli» mövqeyinə daha uyğundur.

 Xuraman İsmayılqızı, «İki sahil»