15 yanvar 2019 10:10
1830

Bizim “köhnədir” dediyimiz ən qiymətli əşya

Xalq sənətinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. O sənət ki, keçmişdən ilmələrə köçüb kilimlərdə, xalılarda əsrlərlə yaşayan, yüzillər boyu nəsillərdən-nəsillərə ötürülüb bu günümüzə kimi gəlib çatıb.

Son zamanlar öz tarixi, qədimliyi ilə seçilən bu xalçalara marağın müəyyən mənada azaldığını da görmək olur. Həyat müasirləşdikcə evdən köhnə əşyaları çıxaran insanlar qədim xalça-kilimlərdən belə imtina edirlər. Baxın bizim “köhnədir” dediyimiz və bir kənara atdığımız bu xalçalar sən demə ən qiymətli əşya imiş... Bunu əsas tutaraq məhz bu gün yolumuzu İçərişəhər ərazisində yerləşən qədim xalça satılan dükanlardan saldıq. Dükanlara daxil olan kimi, rəngarəngliyi, qeyri-adi naxışları ilə zövqümüzü oxşayan həmin xalçalardan bir an olsun belə gözümüzü çəkə bilmirdik. Demək olar ki, bir neçə dəqiqə ərzində bu gözəlliyi seyr edir, müxtəlif toxunuşlu xalçalara baxırdıq. Xalçaların özünəməxsus gözəlliyi, mənalı naxışları insana o qədər gözəl anlar yaşadırdı ki, sanki elə bil adamla belə söhbət etmək istəyirlər...

Artıq bu gözəlliklərdən fikrimizi yayındırıb 3-4 xalça mağazasına üz tutduq, satıcılarla həmsöhbət olmağa çalışdıq. Lakin nədənsə satıcılar bizimlə söhbət etmək istəmədilər. Bu barədə məlumat verməkdən nəinki çəkinir, hətta kobud cavablar verirdilər: “Sizə məlumat verməyə ixtiyarımız yoxdur. Alıcı olsaydınız xalçalarla bağlı bütün suallarınızı cavablandırardıq”, - deyə bildirdilər. Belə olan təqdirdə, mağazalara alıcı kimi daxil olmaqdan başqa çarə qalmır. Alıcılarla satıcıların söhbətlərinə qulaq müsafirliyi edirik. Aydın olur ki, daha sıx toxunan xalçalar bahadır. Yun xalçaları ipək qədər sıx toxumaq mümkün deyil. Buna görə də hər kvadratsantimetrinə görə qiymətlər dəyişir.

Biz Azərbaycanın qədim xalça növlərini daha yaxından tanımaq, onlara olan marağı, qiymətlərinin, yerli vətəndaşlarımızla birgə xarici turistlərin onlara olan marağını öyrənmək istədik. Bu məqsədlə növbəti mağazaya üz tutduq. Qədim xalçaların satıldığı mağazanın sahibi Elnarə Abduallayeva bildirdi ki, bizim mağazada gördüyünüz xalçalar hamısı əl işləridir: “Toxunan xalçalarımızın hər bir ilməsində xanımlarımızın alın təri, zəhməti var. Bu gün ən çox alıcı üstünlüyü olan xalçalarımız Quba, Şirvan, Qarabağ bölgələrindən olan xalçalardır. Bu, ilmələrin sıxlığı, xalçaların incəliyi ilə əlaqədardır. Qazax xalçaları qalın olur. Bəzən insanlar yumşaqlığına görə Qazax xalçasını alırlar, amma ümumən maraq sıx toxunan xalılaradır. Azərbaycan xalçası dünyada məşhurdur. Biz xalçaları təbii boyalarla boyayırıq. Xalçanın boyaları təbii olmalıdır ki, yuyulanda rənglər qarışmasın. Təbii boyalar isə bitkilərdən alınır. Təbii boyalarla toxunan xalçaları yuduqda daha çox parıldayır, rəngi gözəl görünür. İndiki xalçalara isə bir çox kimyəvi maddələr qatılır ki, bu da zaman keçdikcə onların keyfiyyətinin itirilməsinə  gətirib çıxarır”.

Satıcı xanım onu da bildirdi ki, qədim xalçalarımız yerli vətəndaşlarla yanaşı avropalılar üçün də geniş maraq kəsb edir: “Xarici qonaqlar Azərbaycan xalçalarına, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə çox böyük maraq göstərirlər. İstər xalça olsun, istər rəsm əsəri olsun, onlarla yaxından maraqlanırlar”.

Satışa gəlincə isə elə ay olur ki, çox, elə ay da olur ki, az alver  olduğunu qeyd edən müsahibim əlavə etdi ki, satışın çoxluğu turistlərin ölkəmizdə olan dövrə təsadüf edir: “Dövlətimiz tərəfindən keçirilən fərqli yarışlarda ölkəmizə dəvətli turistlərin məhz dükanlarımızı gəzmələri, əşyalarla, xalçalarımızla yaxından maraqlanmaları da tələbatı daha da artırır. Bizim xalçaları ruslar çox bəyənir, ərəblər isə ən çox Təbriz xalçalarına üstünlük verirlər. Xalçaların qiymətinə gəldikdə isə onlar müxtəlif olur. Bizim dükanda xalçalar əsasən əl işi olduğu üçün hardasa kvadratmetri 400-500 manat civarındadır. Belə xalçalar arasında ipəkdən toxunan xalçalar da var ki, onların qiyməti çox bahadır”.

İçərişəhərin qədim küçələrini gəzə-gəzə turistlərlə söhbətləşmək imkanı da əldə etdik. Bir neçə ərəb turistinə Azərbaycan xalçaları ilə bağlı sual verdik. Ən azından başa düşülən səviyyədə fikirlərini bizimlə bölüşən turistlər xalçalarımızın gözəl olduğunu qeyd etsələr belə, ölkəmizin gözəlliyinə valeh olduqlarını, mətbəximizə daha çox maraq göstərdiklərini xüsusi vurğuladılar.

İçərişəhərin xalça dükanlarından reportajımızı burada sona yetirib mağazadan uzaqlaşırıq.

Sonda bunu da qeyd etmək istərdim ki, bu xalçaları xalqımız məişətində təkcə qiymətli əşya kimi deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi kimi də istifadə edir. Ondan başqa xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevrilmiş bir sənətdir. Bu sənətlə məşğul olmaq həm də insanlara gəlir gətirib. O gəlir təbii ki, xalçanın keyfiyyətinə və qədimliyinə görə dəyişir. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri yada düşür. Həmin əsərdə Sona xalanın dili ilə deyilən “İtə ataram, yada satmaram” məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli sənət növü olduğunu ifadə edir.

Mənsumə Babayeva, “İki sahil”