05 yanvar 2021 17:08
1340

Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində gələcəkdə bizi böyük işlər gözlədiyini, yeni dövr başladığını önə çəkərək bu inamı ifadə etdi ki,  bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcək, Qarabağ bölgəsində cənnət yaradacağıq 

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müracəti 2020-ci ildə qazandığımız  Zəfərin, eyni zamanda,  2021-ci ildə görüləcək quruculuq və bərpa işlərinin təqdimatı oldu.

44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident-ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə birlikdə, həmrəy olduqlarını bildirdilər. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin mövqeyinin, tutduğu yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım  belə mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində  erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi.  Son   17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının  memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan Zəfər  paradındakı çıxışında  bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də   ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik.

Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycan hər iki istiqamətdə böyük uğurlara imza atdı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu  bu sənədlərdə öz əksini tapıb. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirib. Heç zaman qan tökülməsini  istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe gözləyib, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin  olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, «artıq yetər» söyləyib «Azərbaycan əsgəri, irəli!» əmri verildi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyib. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibə dövrünün gedişində özünün aydın mənzərəsini yaratdı.  

“Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.» Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin hər birində,  xüsusilə,  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Tarixdə  necə qalmaq istərdiniz” sualını cavablandırarkən son 17 ildə hansı amal, məqsəd naminə çalışdığını bir daha diqqətə çatdırdı.

Cənab İlham Əliyev həmin müsahibələrində söylədiyi fikirlərlə həm də münaqişənin bugünədək sülh yolu ilə nizamlanması istəyini şərtləndirən amillərə, həmçinin 44 günlük müharibədə qürurverici anlara diqqət yönəltdi. Hər bir müsahibə gələcək illərdə Vətən müharibəsi ilə bağlı reallıqların öyrənilməsində zəngin mənbə olacaq. Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin  «Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu» sualını cavablandırarkən bildirmişdir ki, ən çox kədərləndirən bizim itkilərimizdir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Onların hamısı bizim soydaşlarımız, övladlarımız, qardaşlarımızdır. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir: «Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir. Niyə sən bu mülki şəhəri atəşə tutursan? Bax, o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzində 200-dən çox mərmi atıldı. Niyə? Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.»

Dövlətimizin başçısı İlham Əliyev müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağına tam əmin idi. Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Ona görə hər bir müsahibəsində müharibədən sonrakı dövrdə görüləcək işlərdən bəhs edir, Azərbaycanın gələcəyini necə gördüyünü açıqlayırdı. “BBC News”a müsahibəsində jurnalistin qərəzli, ermənipərəst mövqeyi özündə əks etdirən suallarını təmkinlə, diplomatik səviyyədə, Azərbaycan reallıqlarının faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması fonunda cavablandıraraq sonda ünvanlanan «Əgər münaqişə bitərsə, Siz sülhün dividend gətirəcəyini görürsünüzmü? Düşünürsünüzmü ki, cəmiyyət onları düşündürən Dağlıq Qarabağ məsələsini geridə qoyacaq? Burada hansı gələcəyi görürsünüz» sualına cavabı ilə həm işğalçı Ermənistana, həm də  ona havadarlıq edən, hətta 44 günlük müharibə dövründə qərəzli, emənipərəst mövqelərini gizlətməkdə çətinlik çəkən dövlətlərə  mesajlarını çatdırdı. Cənab İlham Əliyevə ünvanlanan suallardan da jurnalistlərin necə təlimatlandıqları aydın şəkildə hiss olunurdu. Dövlətimizin başçısı qeyd olunan sualı belə cavablandırdı ki,  ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaq, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq: «Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.»

Azərbaycanın döyüş meydanında qələbəsi 10 noyabr Bəyanatının imzalanmasını, ölkəmizin siyasi qələbəsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu münasibətlə xalqa müraciətində qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək.

Artıq göründüyü kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada  siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Azərbaycan bu gün diktə edən tərəf kimi yeni reallıqlar yaradıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bildirmişdir ki,  müharibə arxada qaldı: «Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi, birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var, ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq.» Bu fikir də xüsusi qeyd edilmişdir ki,  hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik: «Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!»

44 günlük müharibə birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu. Ayrı-ayrı şəhərlərdən, rayonlardan, kənd və qəsəbələrdən torpaqlarımızın işğaldan azad edilməsi üçün səfərbər olub, silaha sarılan oğullarımızın hər biri özünəməxsus bir salnamə yazdı. Hər birinin torpaqlarımızın işğaldan azad olunmasında  öz payı vardır. Bu gün böyük fəxr  və inamla qeyd  edirik ki, vaxtilə «Vətən mənə oğul desə nə dərdim..» deyən Azərbaycan gənci, Azərbaycan əsgəri artıq Vətənin onlara nəinki oğul deməsinə, şücaəti, qəhrəmanlığı ilə fəxr etməsindən tam əmindir. Torpaqlarımızın işğaldan  azad edilməsi  yolunda canlarından keçən  oğullarımız ən yüksək zirvəyə- şəhidlik zirvəsinə yüksəldilər. Dövlətimizin başçısı İlham Əliyev daim xalqa müraciətlərində qələbənin qazanılmasında əsgərlərimizin rolunu önə çəkərək  müharibədən sonra birinci xanım Mehriban Əliyeva ilə ilk görüşünün 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə olmasını belə əsaslandırmışdır ki, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.»

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, artıq müharibə arxada qalıb. Quruculuq, bərpa işləri həyata keçirilir, ölkəmizin həyatında yeni dövr başlayır.

Yeganə Əliyeva, «İki sahil»