23 noyabr 2020 18:41
1233

Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur

Dövlətimizin başçısı İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqamı da xüsusi qeyd etmişdir ki, bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı

44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha  təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək maraqların arxasında əriyir, ölkələr arasında  münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürür, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də  iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə,  hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlətimizin başçısı İlham Əliyev Ağdamın işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən bir daha bu məqama diqqət yönəltmişdir ki,  dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»

Hər zaman qeyd etdiyimiz bu reallığı bir daha qeyd etmək istərdik ki, Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Hələ də bu günə qədər Ermənistana dəstəklərindən əl çəkməyən dövlətlər reallıqda nə qədər yanlış olduqlarının fərqindədirlər. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib  hissəsi olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə öz əksini tapıb ki, bu sənədlərin də qəbulunda ABŞ, Fransa və Rusiya qurumun daimi üzvləri kimi iştirak ediblər. Demək, münaqişənin həlli prosesinin  30 ilə qədər uzanmasında işğalçı Ermənistanla yanaşı, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri də az məsuliyyət daşımırlar. Bu gün dövlətimizin qətiyyəti,  Azərbaycan ordusunun gücü, qüdrəti ilə yanaşı, Rusiyanın və Türkiyənin də  birgə səyləri nəticəsində 10 noyabr razılaşmasının əldə olunması ATƏT-in Minsk qrupunun digər həmsədrləri-Fransa və ABŞ-ı incik salıb. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki,  Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər: «Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu Bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.» Cənab İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan yeni reallıqlar yaratdı.  Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı son hadisələrin gedişində bütün təfsilatı ilə açıqlandı. Bir daha təsdiq olundu ki,  dünya nə  qədər ki,  hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. 2018-ci ildə imzalanan «Tərəfdaşlıq prioritetləri» adlı sənəd bütün sahələrdə mövcud durumu özündə ehtiva edir.  Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Ən əsası, Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Cənab  İlham Əliyevin Prezident kimi  ABŞ-a ilk səfəri zamanı jurnalistin “Siz ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını xatırlatmaq bugünümüz üçün də aktualdır. Ölkə Prezidenti bildirmişdi ki, Azərbaycanın heç bir dövlət qarşısında öhdəliyi yoxdur. Əlaqələrimizi qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında inkişaf etdiririk.

Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi  işğal altında olan torpaqlarımızın azad olunması sevincini,  yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq deyildiyini təsdiqlədi.  Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalında yayımlanan “HARDTalk” verilişində sualları cavablandırarkən  özünü necə  biabır etdiyini xatırlayaq.  Ermənistanın baş naziri jurnalistin beynəlxalq hüquq normalarına istinad əsasında ünvanladığı sualları cavablandırarkən beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğundan xəbərsiz olduğunu nümayiş etdirməklə açıq-aşkar bildirdi ki, bugünədək törətdiyi təxribat əməllərinə görə heç bir təzyiqlə üzləşməmələri demək olar ki, dünyada ümumiyyətlə,  hüquq amilinin yoxluğuna işarədir. N.Paşinyana bu etirafından sonra da dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar  hər hansısa təzyiq  göstərmədisə,  artıq bu, ədalət meyarının maraqların arxasında sürətlə əridiyinə şübhə yeri qoymadı.

 Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev bildirmişdir ki, Ermənistan tərəfin irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki,  işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə koçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq, daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Azərbaycan nəinki regionu, eyni zamanda, dünyanı  erməni faşizmindən xilas etdi.

İşğalçı dövlətdə hazırda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır.  «Bizim qələbəmiz artıq Ermənistanda böyük problemlər yaratdı» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox.  Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Özünü guya dünyanın demokratiya mərkəzi sayan Avropa Parlamenti niyə susursan? Müntəzəm olaraq bizə qarşı çirkin kampaniya aparan qeyri-hökumət təşkilatları, niyə susursunuz, niyə söz demirsiniz?

Təbii ki, beynəlxalq təşkilatlara ünvanlanan bu kimi suallar çoxsaylıdır. Amma cavab eynidir. Çünki hər bir dövlətin, beynəlxalq təşkilatın baş verən hadisələr öz maraqları baxımından yanaşması, bu çirkin niyyətlərinin həyata keçirilməsində Ermənistandan bir vasitə kimi bəhrələnmələri onlarda erməni sevgisini yaradır. Bu baxımdan həqiqətlər nə qədər ədalətə çağırış etsə də, Ermənistan həmin beynəlxalq təşkilatların gözündə «azad, demokratik» ölkə, Azərbaycan isə «qeyri-demokratik» ölkədir.

İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini  işğal etdi,   bir milyondan çox soydaşımızı öz doğma yurd-yuvalarından didərgin saldı, həmçinin qardaş Türkiyəyə qarşı əsassız «erməni soyqırımı» iddiasını irəli sürdü. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?  Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər.  Hesab edirdilər ki,  haqlıdırlar və saxta tarix yaradırdılar: «İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar.»

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda,   10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda yeni həyat başlayır. Sənəd əsasında noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın öz tarixi sahibinə qayıdacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər.  Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək imkanında deyil.

 Yeganə Əliyeva, «İki sahil»