29 oktyabr 2020 18:35
1648

BMT-nin qlobal çağırışı: Millətlər necə tarac olur, olsun, nə işim var!

Prezident İlham Əliyevin  ədalətə çağırış səsi,  Azərbaycan Ordusunun qələbə əzmi dünyada  insanlığın qələbəsi kimi  tarixə yazılacaq

Uzaqgörən ifadəsi adətən müdriklər,  siyasətçilər, politoloqlar haqqında işlədilir. Ancaq rəhmətlik Mirzə Ələkbər Sabirin satirik  şeirlərindəki   uzaqgörənlik  şairə də bu adı yaraşdırır. Məsələn, onun   «Millət necə tarac olur, olsun, nə işim var» misrası Birləşmiş Millətlər Təşkilatının (BMT) tam  boyuna, biçilib.  Əgər rəhmətlik sağ olsaydı və bu gün dünyanın çərxini tərsinə dövran etdirənləri görsəydi, çox güman ki,  ürəyindən gələn sözləri birbaşa ünvanına ismarıc edərdi. Yəni, BMT-yə.

1945-ci ildə, İkinci Dünya müharibəsindən sonra yaradılan və  məqsədi bütün dövlətləri  vahid beynəlxalq qaydalar və  ədalət prinsipləri əsasında birləşdirmək olan təşkilatın  Nizamnaməsinə görə,  dünyanın siyasi müstəvisinə çıxarılan qlobal  məsələlərin müzakirəsində  heç bir fərq qoyulmamalı,  üzv dövlətlərin ümumi rəyi nəzərə alınmalıdır.

Amma zaman  kimi dünyanın düzəni də dəyişdi. Böyük balıqların yemi olan kiçiklərin taleyinə yazılmış məhkumluq, okean qanunları  dünyanın gərdişinə də təsir etdi. Başqalarına məxsus olanları mənimsəməklə güclənən, torpaq, varidat iştahaları artan,  müstəmləkə altında saxladıqları   Afrika ölkələrinin uranını, qızılını, bütün sərvətini dədə malı kimi mənimsəyənlər,  məzlumları əzməklə yüksəklərə ucalmaq istəyənlər dünya düzənini tarazlamağa məsul olan  BMT-ni də özlərinin istəyinə uyğun formalaşdırdılar və   səlahiyyət sahibi kimi dünyada hegemonluğu ələ aldılar.

Beləcə, ədaləti qorumalı  olan BMT-nin qanunları güclülərin iradəsinə uyğunlaşdırıldı. Təşkilat tərəfindən qəbul olunan qətnamələr də   çirkin əməllərinə haqq qazandırmaq, zülmlərini ört-basdır etmək üçün  «demokratiya»  pərdəsi altında gizlənənlərin istəklərinə müvafiq qəbul edildi. Yəni, qanunları yazan da,  qanundankənar hərəkətlər edən də  eyni tərəflər oldu. «İkili standartlar»  formulunun müəllifləri də bu güclər idi. Hədəfə aldıqları məmləkətlərdə «insan haqlarının qorunmasını təmin edənlər» «vur» məqamı gəldikdə heç bir vicdan əzabı çəkmədən minlərlə  məzlumu  öldürdülər, soyqırımlar törətdilər.  Hazırda  192 üzvü olsa da,  müzakirə olunan məsələlərin müzakirəsində  ədalətsiz «beşliyin» (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin)  istəklərinə uyğun «münasibət bildirən» 187  «kiçik» üzv ipə düzülmüş muncuq kimi sıralanıblar. Artıq bütün dünya bir həqiqəti etiraf etməyə məhkumdur ki, BMT üzv dövlətlərin ayırdığı maliyyə vəsaitini də həmin güclərin maraqları naminə sərf edir.

Bu cür  haqsızlığı 30 ilə yaxın yaşayan Azərbaycan xalqı təşkilat qarşısında  dəfələrlə  məsələ qaldırıb, haqqını tələb etsə də, yenə  maraqlarının qurbanı olan beşlərin «veto»su ilə üzləşib. Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsini əks etdirən 4 qətnamə qəbul edən BMT-nin  Təhlükəsizlik Şurasında  baş verənlər bir daha göstərdi ki, qurumun qəbul etdiyi sənədlər kimi  beynəlxalq hüquq normalarına  yanaşmanın əsas  prinsipi  elə günahkarı, terrorçunu, işğalçını müdafiə etməkdir. Nədən? Çünki bu cür prinsipsizlik idarəetmə  üsulu dünyanın «siyasi masası»nda tamadalıq edən güclərin məcazına uyğundur. 

Ermənistanın Azərbaycana qarşı  işğalçılıq siyasətinə birtərəfli, ikili standartlardan yanaşan TŞ-nin son günlərdə  keçirdiyi müzakirələr əsl mənada  insan haqlarının pozulmasını əks etdirən mənzərə idi. Azərbaycan ərazilərini işğal edən,  mülki əhalini- uşaqları, qadınları , ahılları qətlə yetirən Ermənistan haqqında  BMT-nin qəbul etdiyi qətnamələr əsasında tədbir görülməsini tələb edən Azərbaycan illərdən bəri  ağrı-acısını yaşadığı ədalətsizliklə  üzləşdi. Məsələyə  əvvəlki qətnamələrə istinad olunmadan, yəni sıfırdan, Ermənistanın maraqlarının müdafiəsi  baxımından yanaşılmasını təklif edən Fransa, ABŞ, Rusiya   əsl simalarını göstərdilər. İllərdən bəri 4 qətnaməni əsas tutaraq 30 il işğalçıya layiq olduğu cavabın veriləcəyi günü  gözləyən Azərbaycan xalqı bir daha ədalətsizliklə üzləşdi.  Belə çıxır ki,  qətnaməni qəbul edənlər nəyə imza atdıqlarını «unudublar» və  vicdanları qarşısında susmağa məhkumdurlar. Bu məqamda  həqiqəti söyləmək yerinə düşər: Beynəlxalq təşkilatın qəbul etdiyi qərarın icrasına nəzarəti «unutmaq» onun nüfuzunun  dəyəridir.    

BMT-də olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ, Fransa)   təmsilçiləri eyni əqidə ilə   «Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışıblar.» Bu « səylər» göstərir ki, bir mərkəzdən idarə olunan Ermənistana dəstək kampaniyasının müəllifləri həm də terroru, separatizmi, ərazi və milli  münaqişələri yaradan, «rəngli  inqilablar»ı, «ərəb bahar»larını  qızışdıranlardır.

 Təkcə Fransanın simasında  Minsk qrupunun hansı əqidəyə sadiq olduğu bəllidir.  Ermənistanı bütün sahələrdə dəstəkləyən, maddi, hərbi yardımlar göstərən  Fransanın ermənipərəst prezidenti Emmanuel Makronun gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini tənqid edən   bu ölkənin jurnalisti  ölümlə təhdid edilir, islamofobiya getdikcə güclənir, qondarma «erməni soyqırımı» tanınır.

Sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən törədilən təxribatlarla başlanan  müharibədən, erməni terrorçuları tərəfindən öldürülən dinc, mülki əhalinin çəkdiyi əzablardan, dağıdılan Azərbaycanın şəhər və kəndlərinin ürək ağrıdan mənzərəsindən  narahat olmayanlar 1992-ci ildə Xocalı  soyqırımını da «görmədilər.»  O zaman kar, kor, lal olan  ermənipərəst qüvvələr indi insan hüquqlarının qorunmasını tələb edirlər,  düşmənin gücləndirilməsi üçün vaxt,  atəşkəs istəyirlər.  Bütün istiqamətlər üzrə Ermənistanın müdafiəsinə qalxırlar…  Maddi, hərbi dəstək göstərənlər hətta işğalçının sərhədlərini belə öz hərbçiləri hesabına qoruyurlar.

 Bu zaman biz də soruşuruq. İki əsrdə daşnakların törətdikləri soyqırımları demirik. Bəs Gəncədə, Bərdədə, Naftalanda, Tərtərdə öldürülənlər üçün kim cavab verəcək? Belə haqlı suallardan yayınanlar, hərbi cinayətkarları,  terrorçuları dəstəkləyənlər  susurlar.  Gəncədə baş verən terror aktını müşahidə etmək üçün bu qədim Azərbaycan şəhərinə gələn ölkəmizdəki diplomatik korpusun nümayəndələri də  erməni faşizminin təzahürü olan dəhşətli mənzərəni səssizliklə izləyərək, heç bir münasibət bildirmədilər.  Belə ağır məqamda da   səssizcə «danışan» ikili standartlar oldu. Amma əminik ki, qısa müddətdə  daha gur eşidilən Prezident İlham Əliyevin  ədalətə çağırış səsi,  Azərbaycan Ordusunun qələbə əzmi dünyada  ədalətin qələbəsi kimi  tarixə yazılacaq.

Xuraman İsmayılqızı, «İki sahil»