22 aprel 2019 20:04
738

BMT: Tripolinin 32 mindən çox sakini regionu tərk edib

Liviyanın paytaxtı Tripolinin 32 mindən çox sakini şəhər ətrafında gedən silahlı toqquşmalar səbəbindən öz evini tərk etməyə məcbur olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin Liviya bölməsi bəyanat yayılıb.

Dünya Səhiyyə Təşkilatının son məlumatına görə, hazırda döyüşlərin davam etdiyi Liviyada həlak olanların sayı 254 nəfərə çatıb, daha 1,2 minə yaxın insan yaralanıb.

Xatırladaq ki, aprelin 4-də feldmarşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusunun hissələri Tripoli üzərinə hücuma keçib. Hazırda Haftarın qoşunu ilə paytaxta nəzarət edən Milli Həmrəylik Hökumətinin hərbi qüvvələri arasında qızğın döyüşlər gedir.

Liviyada xeyli müddətdir ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyəti Tripoliyə tabe olmaqdan boyun qaçırır və Liviya Milli Ordusunun komandanı Haftarla əməkdaşlıq edir.